“Dayanıqlı satınalma”nın komponentlərindən biri olan “yaşıl satınalma” anlayışının “Dövlət satınalmaları haqqında” qanuna daxil edilməsi üçün əlaqədar qanunvericilik aktlarına dəyişiklik edilməli, o cümlədən “yaşıl məhsullar”ın müəyyən edilməsi üçün “eko etiket” anlayışı müvafiq normativ-hüquqi bazaya daxil edilməlidir.
Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, hazırda qüvvədə olan “Dövlət satınalmaları haqqında” qanunun 33.11-ci maddəsində dayanıqlı satınalmanın zəruri elementlərinə dair müddəalar artıq mövcuddur. Bu xüsusda, satınalma komissiyası təklifi ən səmərəli təklif kimi qiymətləndirərkən satınalma predmetinin istismar, texniki xidmət və təmir xərclərini, onların göndərilməsi (görülməsi və ya göstərilməsi) müddətlərini, funksional xüsusiyyətlərini və zəmanət şərtlərini nəzərə alır.
Belə ki, satınalan təşkilat şərtlər toplusunda təkliflərin qiymətləndirilməsi zamanı istismar xərclərinin və zəmanət şərtlərinin nəzərə alınması ilə bağlı tələb qoyduğu halda, daha uzun müddət istifadə edə biləcəyi dayanıqlı məhsul əldə edərək, nəticədə, təkrar istehsal zamanı ətraf mühitə vurulacaq zərəri minimallaşdırmış olur.
Məlumata görə, “dayanıqlı satınalma”nın zəruri elementləri 2024-cü il 1 yanvar tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” 2001-ci il 27 dekabr tarixli 245-IIQ nömrəli qanunda da mövcud olub.
Qeyd edək ki, “yaşıl satınalma”ların tətbiqi enerji səmərəliliyinə və resurslara qənaətin artırılmasına, tullantıların təkrar emalının artmasına, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə, iş şəraitinin yaxşılaşdırılmasına və işçilərin təhlükəsizliyinin artırılmasına töhfə verir.
Artıq Qazaxıstanda ilk dəfə olaraq “dayanıqlı satınalma” anlayışını təqdim edən “Dövlət satınalmaları haqqında” qanunu imzalanıb. Bununla da, ölkədə mal və xidmətlərin alınması zamanı təkcə qiymət deyil, həm də istehsalın ətraf mühitə, iqtisadiyyata və cəmiyyətə təsiri nəzərə alınacaq. (Report)