"Azərbaycanda dövlət satınalmalarına nəzarət gücləndirilir".
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, dövlət satınalmalarına daha effektiv nəzarətin təmin edilməsi üçün qanun layihəsində nəzarət orqanının səlahiyyətləri genişləndirilib.
Bu səlahiyyətlərdən ən mühüm olanlarından bir qismi aşağıdakılardır:
- Bütün növ protokolların (qərarların) Xidmətə məlumat üçün deyil, razılaşdırılma (təsdiq) üçün göndərilməsi;
- Yekun protokol Xidmət tərəfindən təsdiq edilmədən satınalma müqaviləsinin imzalana bilməməsi;
- Əsaslandırılmış qərar ilə təchizatçıların etibarsız təchizatçıların reyestrinə daxil edilməsi;
- Xidmətin satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etməsi;
- Satınalma müqaviləsi qüvvəyə minənədək Qanunla müəyyən edilmiş qaydada satınalmanın nəticələrinin ləğv edilməsi;
- Satınalma müqavilələrinin icrasına nəzarət etməsi və s;
- Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) üçün fərdi məsuliyyətin nəzərdə tutulması;
- Satınalma predmetinin ehtimal olunan məbləğindən asılı olmayaraq satınalma komissiyasının tərkibinə başqa nazirliklərin nümayəndələrinin daxil edilməsi ilə bağlı müddəa layihədə nəzərdə tutulmayıb.