Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına 3 yeni şirkət əlavə olunub.
40 milyonluq tenderlər udub, Qarabağda binalar tikən şirkətə – «STOP» QOYULDU - «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «Create İndustry» (VÖEN: 1504431421), «Dream Contuructin Company» (VÖEN: 1402827641), Məhdud Məsuliyyətli Cəmiyyətlərini (MMC) və «SPC» Qapalı Səhmdar Cəmiyyətini (VÖEN: 2904001281) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
«Create İndustry» MMC-nin və «SPC» QSC-nin «etibarsız təchizatçı» olmasının səbəbi sövdələşmədən imtinsa etməsi, «Dream Contuructin Company» MMC-nin isə sənədlərin saxtalaşdırılması səbəb olub.
Nəticədə hər üç şirkətə 2027-ci ilin fevral ayının 24-ə qədər tenderlərdə iştirak qadağan edilib.
Bu siyahıya əlavə edilən «Create İndustry» MMC ötən il bir tender udub. Bu tender Naxçıvan MR Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən keçirilən yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlı olan tender olub. Tenderin nəticəsi olaraq şirkət ilə dövlət qurumu arasında 270 min 663 manatlıq müqavilə imzalanıb.
«Dream Contuructin Company» MMC isə ötən il ərzində müxtəlif İcra Hakimiyyətləri tərəfindən keçirilən 13 tender müsabiqəsinin qalibi olub. Cəmi dəyəri 2 milyon 716 min 446 manat olan müqavilələr bağlanıb.
«SPC» QSC isə 2025-ci ildə 3 tenderin qalibi olub. Tenderlərin nəticəsi olaraq dövlət qurumları ilə şirkət arasında ümumi dəyəri 287 min 831 manat olan müqavilələr imzalanıb.
Qeyd edək ki, «SPC» QSC-nin hazırda 489 min 524,49 manat vergi borcu var.
Məlumat üçün bildirək ki, «Create İndustry» MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bəkirov Elvin Nəsrəddin oğludur.
«SPC» QSC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 2 min manat, qanuni təmsilçisi Bədəlov Anar Məmməd oğludur.
«Dream Contuructin Company» MMC də 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 5 min 515 manat olan şirkətin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.












