Yardımlı və Cəlilabad rayonlarında avtomobil yollarının əsaslı təmirini nəzərdə tutan iki tender təchizatçı çatışmazlığı səbəbilə ləğv olunub.
Cəlilabadda yolların təmirinə yarım milyona yaxın vəsait - SƏRF OLUNACAQ
FED.az xəbər verir ki, hər iki satınalma müsabiqəsi Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununun 36.1.1-ci maddəsinə əsasən dayandırılıb. Bu maddəyə görə, təklif təqdim edən və tələb olunan lisenziyalara malik olan təchizatçıların sayı üçdən az olduğu halda tenderin keçirilməsi mümkün sayılmır.
Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən tender “Yardımlı rayon küçələrində avtomobil yollarının əsaslı təmiri” işlərini əhatə edirdi. Ehtimal olunan qiyməti 759.600 manat olan bu satınalma müsabiqəsi 25 aprel 2025-ci il saat 17:19-da elan edilmiş, təkliflərin qəbulu isə 2 iyun saat 16:00-da yekunlaşmalı idi. Lakin tələb olunan sayda uyğun təchizatçının olmaması səbəbindən bu tender 3 iyul 2025-ci il tarixində rəsmən ləğv olunub.
Eyni aqibətə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər ərazi nümayəndəliyi tərəfindən elan edilən tender də məruz qalıb. Bu tender Cəlilabad şəhərində yolların əsaslı təmiri məqsədilə keçirilirdi və layihənin ehtimal olunan qiyməti 429.642,72 manat təşkil edirdi. Satınalma 5 iyun 2025-ci il saat 10:20-də elan edilmiş, təkliflərin təqdim olunma müddəti isə 3 iyul saat 11:00 olaraq müəyyən edilmişdi. Lakin bu müsabiqə də eyni səbəbdən – təklif verən şirkətlərin sayının az olması – 03 iyul 2025-ci il tarixində ləğv edilib.
Beləliklə, ümumilikdə 1.189.242,72 manat dəyərində iki tender rəqabət tələblərinin ödənilməməsi səbəbilə baş tutmayıb.