Kabel televiziya təchizatçı şirkəti Comcast-dakı işini itirdikdən sonra, Shavonne Patrice Owens, keçən il Huntsville, Alabamada yerləşən uşaq mərkəzlərinin birində iş vakansiyası tapır.
Dostlarından birinin məsləhəti ilə o, mərkəzə iş müsahibəsi üçün gedir və müəllim və uşaqlara təqdim edilir.
Sonra isə bir neçə dəfə zəng vursa da, ona cavab verilmir.
"Mən əvvəllər də uşaq mərkəzində işləmişəm və vəzifə üzrə ixtisasım var, amma onlar dostuma, çox böyük olduğuma görə, məni işə götürə bilmədiklərini deyirlər," Owen deyir. Onun boyu 1.82 sm, çəkisi isə 227 kq-dan çoxdur. İş müsahibəsi zamanı o, çəkisinə baxmayaraq, uşaqlarla oynamaq üçün rahatlıqla yerə otura və əyilə bildiyini deyib.
Vəzifəsinin öhdəsindən gəlməyi tamamilə bacardıqları halda, aşırı kök insanlar iş yerində ayrıseçkliklə qarşılaşırlar. İşçilərə qarşı cinsi, yaşı, irqi, etnik mənşəyi, cinsi oriyentasiyası, dini və ya fiziki əngəlli olmasına görə ayrı-seçkilik Britaniya da daxil olmaqla bir çox ölkələrdə qanunla qadağan olunsa da, bizneslər şişman insanları işə götürməkdən - və ya işdən çıxarmaqdan - çəkinmirlər.
"Aşırı köklük, elə bir kateqoriyadır ki, insanlara, buna görə ayrı-seçkilik salmaq hələ də məqbul hesab olunur," Charlotte-da yerləşən Şimal Carolina Universitetin psixologiya üzrə dosenti Enrica Ruggs deyir.
"Ən qəribəsi isə ABŞ-da bu qədər artıq çəkili insan olduğu halda, bunun hələ də pis qarşılanmasıdır."
Xətt cızmaq
Köklük, adətən bədən kütləsi indeksi (BKİ) 30-dan artıq olan insanlara aid olunur. BKİ 40-dan artıq olarsa, bu, xəstə piylənmə sayılır. (BKİ, bədən çəki kiloqramını hündürlüyün kvadrat metrinə bölməklə müəyyən edilir. Normal çəki, BKİ 18.5 və 24.9 arası hesab olunur.)
İşəgötürənlər tez-tez kök insanların bacarıqlarını düzgün qiymətləndirmirlər və düşünürlər ki, onlar çətin tapşırıqların öhdəsindən gələ bilməz və ya yorulmadan uzun saatlar işləməyi bacarmazlar.
Bəzi artıq çəkili insanlar, əslində daha güclü və artıq dözümlülük səviyyəsinə malik olurlar.
"Hər insanı şəxsiyyətinə görə qiymətləndirmək lazımdır, kök olduğuna a üçün müəyyən işləri bacarmayacağına görə yox," Los Angeles-də yerləşən Kaliforniya Universitetinin sosiologiya üzrə professoru və Kök Olmağın Nəyi Pisdir (Whats Wrong With Fat) adlı kitabın müəllifi Abigail Saguy deyir.
"Bəzi şişman insanlar sağlamdır, obez kateqoriyasına düşən və marafonlarda iştirak edən adamlar var."
Ruggs, mağazalarda artıq çəkili kişilərin işə müraciət edən və ya müştəri kimi ayrı-seçkilik görüb-görməməsi üzrə araşdırma aparıb. Normal çəkili kişilər adi halda bəzi mağazalara gedirlər və sonra isə başqa mağazalara artıq çəki protezi geyərək baş çəkirlər.
Ruggs, artıq çəkili kişilərin "şəxsi diskriminasiyaya" uğradığını aşkar edir, yəni daha qərəzli münasibət. İşçilər, onlara normal çəkili kişilərdən fərqli olaraq, daha az gülümsəyib, daha az göz əlaqəsi qurub, daha aralı dayanmağa çalışıb və görüşü daha tez bitirməyə çalışıblar.
Qadınlar üçün daha pisdir
Bəzi tədqiqatlar göstərir ki, şişman qadınlar kök kişilərə nisbətən, daha çox ayrı-seçkiliyə məruz qalırlar. Exeter Universitetinin alimləri, artıq çəkili qadınlara təqdim olunan imkanların daha az olduğunu və onların daha az pul qazana bildiklərini müəyyənləşdiriblər. Onlar, 40 və 70 yaş arası 120 min Britaniya Biobank iştirakçısının, bədən kütləsi indeksinə aid 70 genetik fərq aşkar ediblər.
Tədqiqata əsasən, kök adamlar ixtisaslı olduqları halda belə, iş tapmaqda çətinlik çəkirlər
"Qadını kök edən genetik fərq, həm də onu bir az kasıb edir," insan genetikası üzrə professor, Tim Frayling söyləyir.
Araşdırmaya əsasən, başqa səbəblə deyil, sırf genetikaya görə 6 kq kök olan qadınlar, eyni hündürlükdə və daha arıq qadınlara nisbətən, ildə 1867 dollar daha az qazanırlar.
Nashville-də yerləşən Vanderbilt Universitetinin dosenti Jennifer Bennett Shinall-ın apardığı tədqiqata əsasən, kök qadınlar normal çəkili qadınlara nisbətən, daha çox sağlıq, yemək hazırlanması və uşaq baxımı vəzifələrində çalışırlar, nəinki, müştərilərlə münasibətdə olacaq işlərlə.
Bundan başqa o müəyyən edib ki, normal çəkili qadınlarla müqayisədə, şişman qadınlar "piylənmə cəzasını məvacibləri ilə ödəyirlər". Bunun bir səbəbi, fiziki güc tələb edən işlərə, müştəri münasibətləri işlərindən daha az maaş verilməsi olsa da, Shinall müəyyən edib ki, müştəri xidmətləri işində çalışan kök qadınlar belə, digərlərindən daha çox əmək haqqı alırlar.
"Cəmiyyət qadının görünüşünə daha çox önəm verdiyindən, ayrı-seçkiliyin digər mümkün səbəbi də, zövqdür," Shinall deyir. "İşəgötürənlər, bu səbəbdən, arıq qadınları şişman qadınlara nisbətən, daha tez müştəri xidmətləri işinə götürürlər."
Dəyişiklik üçün çağırış
Florida, Tampa-da yerləşən Obesity Action Coalition qrupu, dünyada işəgötürənlər üçün iş yerində köklüyə qarşı qərəzli münasibət və onun azaltmağın yolları haqqında bələdçi kitab yaradıb.
Məsələn, kitab şirkətlərə bədən çəkisinin, müxtəliflik proqramlarına və "çəkini" şirkətin zorbalığa qarşı siyasətlərinə daxil etməyi və menecerlərin işə götürülməsi zamanı həssaslıq məşğələləri təşkil etməyi məsləhət bilir.
Həytanın böyük bir hissəsində kök olan David Brittman, bir hüquq şirkətində müxtəliflik təlimi alan zaman, Koreya-Amerika və Afrika-Amerika əsilli qadınların cinsi, irqi, etnik və dini ayrı-seçkiliyə məruz qaldığı haqqında danışdıqlarını xatırlayır. O, qadınlara başqa bir qrupun - kök - adını çəkməyi unutduqlarını dedikdə, hamı ona gülmüş və şişman işçilərin ayrı-seçkiliyə məruz qalmadığını bildirmişdilər.
Hazırda təqaüdçü olan Brittman deyir, "Mən tipik çəkingən və ya tənbəl kök insan olmamışam." Amma, bəzən zarafat mövzusu olub. O, diş məktəblərindən birində müşahidəçi işləyərkən, başına gələn bir hadisəni xatırlayır, "başqa bir menecer dedi ki, hamı kənara çəkilsin, çünki David liftə minir." O, bunu insan qaynaqları şöbəsinə şikayət etsə də, ona bildirirlər ki, bu təhqiramiz hərəkət sayılmır. (Onun ən çox çəkisi 209 kq olub, hazırda isə 125 kq-dır.)
Hüquqi yardım almaq
İşçilər adətən, əgər mümkün olarsa, məhkəmənin piylənməni fiziki məhdudiyyət kimi qəbul etməsi qərarından sonra, hüquqi qorunma görə bilirlər.
ABŞ-da yalnız Michigan ştatı və bəzi şəhərlərdə bədən çəkisinə görə ayrı-seçkiliyə görə qanun mövcuddur. ABŞ Bərabər Məşğulluq İmkanları Komissiyası, fiziki məhdudiyyətli insanlara edilən ayrı-seçkiliyin federal qanunla qadağan edildiyini işəgötürənlərə qarşı istifadə etsələr də, çox az uğur qazanıblar.
"Bu növ qanunvericiliyin çətinliyi ondadır ki, aşırı kök insanların əksəriyyəti çəkilərinə görə fiziki məhdudiyyətli deyillər və fiziki məhdudiyyətlər üçün təyin olunan qanunlar, onlara qarşı ayrı-seçkilikdə tətbiq oluna bilmir," Konnektikut Universitetinin Qida Siyasəti və Obezlik üzrə Rudd Mərkəzinin direktor müavini Rebecca Puhl deyir.
Məhkəmələrin çoxu, fiziki məhdudiyyət arqumentini rədd edir. Bu ilin əvvəlində ABŞ federal apellyasiya məhkəməsi, bir kişinin obezliyini fiziki məhdudiyyət kimi qəbul etməyib və BNSF-in, Dəmir Yolu şirkətinə qarşı qaldırılan ayrı-seçkilik iddiası ilə bağlı aşağı məhkəmə qərarını qüvvədə saxlayıb. Şirkət, BKİ dərəcəsi 40-dan artıq olan insanların təhlükəsizlik tərkibli işlərdə çalışmasının düzgün olmadığını öyrəndikdən sonra, kök kişini maşinist vəzifəsinə götürməyib.
Bu halda, apellyasiya məhkəməsi deyib ki, piylənmə fizioloji problem və ya haldan daha çox, fiziki məhdudiyyət qanunu əsasında fiziki məhdudiyyət kimi qəbul edilməlidir.
Lakin BMİK, köklüyünə görə işçini vəzifəsindən uzaqlaşdıran bir dərman müalicəsi təsisatına qarşı qaldırdığı iddiadan, 125,000 dollar əldə edə bilib. Bu zaman, ABŞ federal məhkəməsi, kəskin piylənmədən əziyyət çəkən kişinin, fizioloji məhdudiyyətli olub olmamasından asılı olmayaraq, onu fiziki məhdudiyyətli elan edib.
"Əgər məhkəmə, pataloji piylənməni fiziki məhdudiyyət kimi qəbul edirsə, demək ki, işəgötürən, kök adamları işi bacarmadığı üçün yox, onların çəkisinə görə işə götürmədəyini açıqca göstərəcək," BMİK hüquq məsləhətçisi köməkçisi Christopher Kuczynski bildirir.
Avropa Ədalət Məhkəməsi də, çəkilərinə görə iş qabiliyyətini itirən insanları müdafiə edən qanun qəbul edib. Buna səbəb isə, danimarkalı uşaq baxıcısının 14 illik vəzifəsindən, yerli bələdiyyə tərəfindən uzaqlaşdırması olub. Avropa Məhkəməsinin qərarından sonra, Danimarkanın Kolding Şəhər Məhkəməsi onun işini yerinə yetirə bilmədiyi sübutu aşkarlamadığı üçün, qarşı çıxıb. İddia hazırda Danimarka Ali Məhkəməsindədir.
"O, işini doğru yerinə yetirə bilərdi, lakin, köklüyü işin icrasında məhdudiyyət yaradıb. Misal üçün, uşaqlarla oynamaq üçün yerə oturub qalxmaqda əziyyət çəkir və uşaqlar qədər sürətli qaça və ya yeriyə bilmirdi," iddiaçının vəkili Jacob Sand deyib.
Piylənmənin kişilərdən daha çox qadınlara pis təsir etdiyinə görə, Vanderbilt professoru Shinnal bəziləri üçün hökumətin cinsi ayrı-seçkiliklə bağlı qanundan istifadə edə biləcəyinə inanır.
Şərhlərə dözmək
Bəzi insanlar, işdə çəki ayrı-seçkiliyi və ya köklük zarafatlarına qarşı üsullar yaradıblar. Biz zaman diş klinikasında işləyən Valinda Royal, yeni diş həkimin onun ölçü və müştərilərlə işləməsinə görə "narahat olduğunu" bildirdikdən sonra, işdən çıxarılır. O isə, şikayət edərək klinikadan 1000 dollar ala bilir.
"İllərcə, bəzən insanlar çəkimə görə başqalarında daha az ağıllı olduğumu düşünüblər," o yadına salır. Lakin, mən illər öncə qərara gəldim ki, çəkimə görə atılan sözlər mənə təsir etməyəcək. Həyatda bəzi şeyləri özün müəyyənləşdirməlisən, yəni insanların, sənin özünü pis hiss etmənə səbəb olmasına yol verməməlisən."
İllər keçdikcə o, ailəsindən güclü dəstək alır və özündə əminlik yarada bilir.
"Əgər istəsən, insanlara səninlə necə rəftar etməyi və hörmət etməyi öyrədə bilərsən," Royal deyir. O, indi Merilend, Gaithersburgda psixoloji məsləhətçi kimi çalışır. Onun boyu 1.50 sm və çəkisi 113 kq-dır.
"Məsələn, kimsə mənə düzgün münasibət göstərməyəndə bu cür birbaşa suallar verirəm: 'Səni nə isə narahat edir?' Çox zaman onlar, davranışlarını düzəltməyə çalışırlar."