"Adidas" və "Puma"nın dünyanın ən məşhur brendlərindən olduğunu desək, yanılmarıq.
FED.az xəbər verir ki, sözügedən şirkətlərin bir-birinə bağlı olduqca maraqlı tarixi var.
Eləcə də bax: Dünyanın ən məşhur dəb brendi - MƏLUM OLDU
Məsələ burasındadır ki, bu iki brendin yaradıcıları iki qardaş olub. Adolf (Adi) "Adidas"ın, Rudolf (Rudi) isə "Puma"nın təsisçisidir. Bu iki şəxs qardaş olsalar da, zamanla bir-birinə düşmən gözü ilə baxıblar.
Adolf və Rudolf Dassler qardaşları Almaniyanın Herzoqenaurax şəhərində doğulublar. Onlar ataların izi ilə gedərək, 1924-cü ildə analarına məxsus camaşırxanada "Gebrüder Dassler Schuhfabrik"i (Dassler Qardaşlarının Ayaqqabı Fabriki) açıblar.
Onların ilk məqsədi atletika ilə məşğul olan idmançılar üçün yüngül, incə və keyfiyyətli ayaqqabılar istehsal etmək olub. Adolf ayaqqabıları hazırlamaqda, qardaşı Rudolf isə onu satmaqla məşğul olub.
Daha sonra əsgərlikdən qaçan və həbs olunan Rudi türməyə düşməsinin səbəbini qardaşında görür. Bununla da qardaşların soyuq müharibəsi daha da kəskinləşir.
Müharibənin son illərində Hitlerin partiyası qardaşların fabrikini ələ keçirdərək, burada əsgər "botinka"ları istehsal etməyə başlayır. Bu hadisədən sonra Adi ABŞ-la münasibətlərini inkişaf etdirir. Rudi isə partiyanın gizli polis təşkilatı olan Gestapo üçün çalışdığı ittihamı ilə müttəfiqləri tərəfindən həbs edilir. ABŞ-ın yaydığı məlumatda onun barədə xəbəri qardaşı Adinin verdiyi üzə çıxır. Bundan sonra qardaşların münasibəti tamamilə pozulur.
1948-ci ildə Adi işə ayrı davam etmək barədə qərar qəbul edir. Rudi kiçik bir şəhər üçün iki fabrikin çox olduğunu desə də, qardaşı fikrindən daşınmır. Ayrılan qardaşların anlaşmasına görə, onlar Dassler soyadını şirkətin və məhsulun adında istifadə etməyəcəklərdi. Adi soyadının qarşığı olan "Adidas" ismini seçir, Rudi isə ad seçimini əvvəlcə "Ruda"dan, sonra isə "Puma"dan yana edir.
Qafqazinfo
Qardaşların açdıqları fabriklər İkinci dünya müharibəsindən sonra Almaniyanın iqtisadiyyatında böyük təkan versə də, şəhər ikiyə bölünür. Hətta iş o yerə çatır ki, məktəblilər dostlarını onların ayaqqabısına görə seçir. Marketlər, restoranlar iki tərəfə görə ayrılır. Bir restorana gedən, digərinə baş çəkmir. İki şirkətdə çalışanlar arasında sevgi münasibətləri və evlilik qadağan edilir.
Qardaşlar ölənə qədər küsülü qalırlar. 4 il fərqlə ölən qardaşlar bir-birindən ən uzaq məsafədə dəfn edilirlər.
"Adidas" və "Puma" arasında davam edən 61 illik düşmənçilik 2009-cu ildə Dünya Sülh Günündə başa çatır. FİFA-nın təşkil etdiyi və hər iki şirkətin nümayəndələrinin iştirak etdiyi futbol matçında tərəflər barışırlar.