Style

Gürcüstan marixuana ixrac edəcək - YENİ QANUN 

Gürcüstan marixuana ixrac edəcək - YENİ QANUN  | FED.az
20:11 12 Sentyabr 2018

Gürcüstan hökuməti ölkədə marixuana istehsalı və onun ixracı ilə bağlı hazırlıqlara başlayıb. FED.az xəbər verir ki, qonşu ölkənin hökuməti marixuananın ixracı, eləcə də tibbi və kosmetik məqsədlə istehsalına icazə verən qanun layihəsi hazırlayıb. «İnterpressnyus» agentliyinin məlumatına görə, bir qədər əvvəl ölkənin Daxili İşlər Nazirliyi deputatları qanun layihəsi ilə tanış ediblər. 

Qanun layihəsinə əsasən, marixuana istehsalı lisenziyalı fəaliyyət növünə aid ediləcək. Ölkədə marixuana istehsalı hüququ qazanacaq şirkəti müəyyən etmək üçün beynəlxalq müsabiqə keçiriləcək. Yeri gəlmişkən, hökumətin bu təşəbbüsünü hakim «Gürcü arzusu» partiyasının rəhbəri Bidzina İvanişvili də dəstəkləyib. 
Bununla eyni zamanda hökumət məktəb, ictimai idarələr və ictimai yerlərdə marixuananın istifadəsini qadağan edəcək. Bundan başqa, bəzi peşəkar dairələrin nümayəndələrinə (həkim, müəllim və sair. ) də marixuana istifadə etmək qadağan olunacaq. Yaxın vaxtlarda qanun layihəsi hökumətin iclasına çıxarılacaq. 

Qeyd edək ki, artıq indi də Gürcüstanda marixuanadan istifadəyə icazə verilib. İyulun 30-da Gürcüstan Konstitusiya Məhkəməsi ölkədə marixuanadan istifadəni leqallaşdıran qərar qəbul edib. Bunnula yanaşı, marixuananı salıb saxlamaq yenə də qadağandır. 
Belə ki, 10 qram yaş və ya 5 qram quru marixuananın alınıb saxlanmasına görə 500 lari (181 dollar və ya 310 manat) məbləğində cərimə nəzərdə tutulub. Bundan artıq narkotika tutulduqda cinayət işi qaldırılır. 

Yeri gəlmşkən, Kanada, İsrail, Çexiya, Avstraliya və başqa ölkələrdə də marixuana istehsal edilərək ixrac olunur. 
Yeri gəlmişkən, Gürcüstanın keçmiş prezidenti, eyni zamanda bu il keçiriləcək prezident seçkilərində iddiaçı olan Mixail Saakaşvili hökumətin bu ideyasını kəskin tənqid edib. Onnu sözlərinə görə, bu ideya hazırda hakimiyyətdə olan «Gürcü arusu» partiyasının lideri İvanişviliyə məxsusdur. «Mənim vaxtımda Gürcüstan biznes, mədəniyyət, inkişaf, logistika və yeni texnologiyaların mərkəzinə çevrilmişdi. İvanişvili isə bütün bunları ləğv edir və Gürcüstanı narkomərkəz, narkotik satan ölkəyə çevirmək istəyir»-deyə Saakaşvili bildirib.

Cavabında hakim partiyanın nümaynədələri bildirir ki, marixuana da kənd təsərrüfatı bitkisidir və onun satışından gələn gəlirlər büdcəni dolduracaq. Üstəlik, Gürcstanın baş naziri Mamuka Baxtadze bildirib ki, qanunda nəzərdə tutulan sərt hüquqi çərçivələr risklərdən qorunmağa imkan verəcək: «Bu maddənin bir qramı da qanunsuz dövriyyəyə çıxmayacaq»-deyə baş nazir bildirib.

Digər xəbərlər