Əfqanıstanda tiryək laləsi becərilən kənd təsərrüfatı torpaqlarının sahəsi bir ildə 63 faiz artaraq rekord miqyasa - 328 min hektara çatıb.
FED.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin narkotik vasitələr və cinayətkarlıq üzrə idarəsinin Vyanada təqdim etdiyi illik məruzəsində yer alır.
“Tiryək laləsinin becərilməsi səviyyəsi sistematik monitorinqin aparıldığı dövrdən bəri (1994-cü il) yeni rekorda yüksəlib və 2014-cü ildə qeydə alınan göstəricidən 104 min hektar, yaxud 46 faiz çoxdur”, - sənəddə belə deyilir.
Aparılan tədqiqatlara əsasən, ötən il ölkədə fəaliyyət göstərən tiryək istehsalçıları nəinki əvvəlki regionlarda öz fəaliyyətini artırmağa, həmçinin üç yeni regionu – Samanqan, Qəzni və Nuristan vilayətlərini ələ keçirməyə nail olub. Beləliklə, tiryək laləsinin becərilməsi ənənəvi olaraq bu istehsalatla məşğul olmayan şimal əraziləri də əhatə edib. Nəticədə ölkədə tiryəkdən azad cəmi 10 region qalıb, 24 vilayət isə bu işə cəlb olunub.
Tədqiqatçıların hesablamalarına görə, 2017-ci ildə istehsalat tiryək ekvivalentində 9 min ton narkotikə çata bilər.
Qeyd olunur ki, ötən il məhsul yığımı dövründə təmiz tiryəkin bir kiloqramının qiyməti 152 dollardan 131 dollara, quru məhsul isə 17 faiz ucuzlaşaraq 155 dollara enib.
@azertag