Xəbər verdiyimiz kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu kəlağayı sənəti beynəlxalq səviyyədə təsdiq edilib. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
FED.az xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə bu qədim sənət incisi məşhurların iştirakı ilə ictimaiyyətə təqdim olunub.
Təqdimatda ölkənin içtimai-siyasi, sosial və mədəni həyatında fəal rol oynayan tanınmış xanımlar bir araya gəliblər. Korporasiyanın törəmə müəssisəsi olan “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayıları təqdim ediblər.
“Made in Azerbaijan” brendi adı altında dünyaya tanıtmaq məqsədi ilə təşkil edilmiş bu fotosessiyada millət vəkilləri Elmira Axundova və Ülviyyə Ağayeva, xalq artistləri Flora Kərimova və Həmidə Ömərova, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova, Hüsniyyə Mürvətova, aktrisa Sevinc Əliyeva, teleaparıcılar Dilarə Səlim, Nərgiz Cəlilova, Lalə Azərtaş, “Bakı Park Bulvar” AVM-nin PR-meneceri Günay Malikqızı və digər tanınmış simalar iştirak ediblər.