Hər ay, hətta ayda bir neçə dəfə müraciət olunan məkanlardan biri də bərbərxanalardır. Özəlliklə iş adamlarının daha çox vaxt keçirdiyi elit kişi salonlarının sayı kifayət qədər çox, xidmət və qiymətləri isə fərqlidir. Amma hər kəs qiymətdən çox xidmət keyfiyyətinə önəm verir.
FED.az oxucuların marağını nəzərə alaraq Bakıda fəaliyyət göstərən elit kişi salonlarında xidmət, qiymət və keyfiyyət araşdırması apardı.
Elit bərbərxanada 7 manata saç kəsimi, 5 manata saqqal təraşı
Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 1 ünvanında yerləşən “Makas Pünhan Academy” şəhərin münasib qiymətə xidmət göstərən elit bərbərxanalarındandır. Burada saç kəsimi 7 manata, saqqal təraşı 5 manata, üzün kimyəvi yolla təmizlənməsi 20 manatadır. Alındakı, yanaqdakı və boyun arxasındakı artıq tüklərin təmizlənməsi də hər biri ayrı-ayrılıqda 5 manata həyata keçirilir. Saçın xüsusi maska ilə baxımı 10 manata, saçın boyadılması 20 manata başa gəlir. Bəy saçının hazırlanma qiyməti isə 50-100 manat arası dəyişir.
Bildirildi ki, burada gigiyenik qaydalara tam əməl olunur və bütün alətlər sterelizə edilir. 5 ildir ki, fəaliyyət göstərən bu salonda 6 nəfər bərbər çalışır.
10 manatdan 100 manata qədər
İnşaatçılar prospekti 12/26 ünvanında 5 ildir ki, fəaliyyət göstərən “İbo Kuaför”də ümumi qiymətlər 10-100 manat arası dəyişir. Belə ki, buranın sahibi və təcrübəli bərbəri İbrahim ustanın verdiyi məlumata görə, saç kəsimi 15 manat, saçın fenlənib forma verilməsi 10 manat, saqqal təraşı 10 manat, saç düzləşdirilməsi 40 manatdır. Burada kişilər üçün manikür və pedikür xidmətləri də göstərilir. Bunun qiyməti də 30 manatdır. Xüsusi maskalarla həyata keçirilən saç və üz baxımının hər birinin ayrı-ayrılıqda qiyməti 10 manatdır. 3 ustanın çalışdığı “İbo Kuaför”də bəy saçının hazılanma qiyməti 50-100 manat arası dəyişir. Bildirildi ki, burada gigiyenik qaydalara tam əməl olunur və bütün alətlər sterelizə edilir.
Burada 15 seansa saqqaldakı seyrəklik aradan qaldırılır
Üzeyir Hacıbəyov 7 ünvanında yerləşən “Baku Barber” 11 ildir ki, fəaliyyət göstərir. Burada saç kəsimi, saça fen ilə forma verilməsi, üzün xüsusi maskalarla baxımı və üzdəki artıq tüklərin təmizlənməsi – hamısı birlikdə 20 manata həyata keçirilir. Bərbərxanadan bildirdilər ki, saçın və saqqalın boyanması da mümkündür. Bu xidmətin qiyməti 30 manatdır. Saqqala forma verilməsi 15 manata başa gəlir.
“Baku Barber”də saqqaldakı seyrəkliklər də aradan qaldırılır. Məlumata görə, 15 seansa həyata keçirilən bu xidmətin hər seansı 10 manatdır. Saçı seyrək olan müştərilər də burada taxma saç xidmətindən istifadə edə bilirlər. Bunun qiyməti də 500-1000 manat arası dəyişir. Hər kəsə maraqlı olan bəy saçı bu bərbərxanada xüsusi kataloqla 50 manata düzəldilir. Bildirildi ki, burada gigiyenik qaydalara tam əməl olunur və bütün alətlər sterelizə edilir.
200 illik bərbərxana
“Fairmont” hotelinin 2-ci mərtəbəsində yerləşən London brendi “Truefitt & Hill Azerbaijan”, 1805-ci ildə yaradılıb. Bu bərbərxana Azərbaycanda 3 ildir ki, fəaliyyət göstərir. Burada saç kəsimi 40 manata (saçın fenlənməsi və forma verilməsi daxil), saqqal təraşı 25 manata, üz baxımı 25 manata, saç baxımı 35 manata, əl barmaqlarına qulluq 25 manata, ayaq barmaqlarına qulluq isə 35 manatadır. Bərbərxananın 3 nəfər kişi bərbər və 1 nəfər də əl və ayaq barmaqlarının baxımını edən xanım işçisi var. Bildirildi ki, burada gigiyenik qaydalara tam əməl olunur və bütün alətlər sterelizə edilir.
Kişi saçlarının boyanması – 20-50 manat arası
İzmir küçəsi 7B ünvanında fəaliyyət göstərən “Loft Barber Shop Baku” bərbərxanasında xidmətlərin ümumi qiyməti 20-50 manat arasında dəyişir. Belə ki, burada saçın kəsilib fenlənib forma verilməsi 20 manat, saqqal təraşı və saqqala forma verilməsi 10 manatdır. Xüsusi maskalarla üz baxımı 10-20 manat, saçın boyanması və ya buruq saçların açılması, eyni zamanda düz saçların burulması isə 20-50 manat arası dəyişir. Bərbərxana artıq 5 aydır ki, fəaliyyət göstərir və 4 nəfər işçisi var. Bildirildi ki, burada gigiyenik qaydalara tam əməl olunur və bütün alətlər sterelizə edilir.
Bu bərbərxana həm də MDB məkanında məşhur bərbər muzeyidir
Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Barber Studio”da saç kəsimi 10 manata, saçın yuyulub fen ilə forma verilməsi 15 manata, saqqal təraşı və forma verilməsi 5 manata, üzdəki yağlanmanın və sızanaqların aradan qaldırılması 15 manatadır. Burada keratin (saçın düzləşdirilməsi) xidməti də təklif olunur. Bu xidmətin qiyməti 50-80 manat arası dəyişir. Salondan bildirdilər ki, bəy saçı üçün ayrıca qiymət tətbiq olunmur, standar qiymətə hazırlanır. Burada gigiyenik qaydalara tam əməl olunur və bütün alətlər sterelizə edilir.
Salon işçisinin sözlərinə görə, bura həm də bərbər muzeyi kimi də fəaliyyət göstərir. MDB məkanında 1-ci yerə layiq görülmüş bu salon-muzeydə 1700 və 1800-cü illərə aid bərbərxana ləvazimatları nümayiş olunur.
“Bəy və dostları” paketi – 250 manata + fotosessiya hədiyyə
Nizami küçəsi 147B ünvanında yerləşən “Boy Cut” kişi salonunda saçın kəsimi, yuyulması və fen ilə forma verilməsi – hamısı birlikdə 25 manatadır. Saça forma vermənin ayrılıqda qiyməti 10 manatadır. Bundan əlavə, saqqal təraşı və saqqala forma vermə ülgüc ilə 15 manata, təraş maşını ilə isə 10 manata başa gəlir. Burada eyni zamanda tatu xidməti də təklif olunur ki, bunun qiyməti də 50 manatdan başlayır. Burada gigiyenik qaydalara tam əməl olunur və bütün alətlər sterelizə edilir.
Salondan bildirdilər ki, “Boy Cut”da bəylərə özəl olaraq “Bəy və dostları” paketi təqdim olunur. Bu paket çərçivəsində maksimum 5 nəfərdən ibarət bəy və onun dostları üçün salon 2 saat yarım bağladılır və yalnız bu 5 nəfərə bərbər xidməti göstərilir. Sonda peşəkar fotoqraf tərəfindən həyata keçirilən fotosessiya bəy və onun dostlarına hədiyyə edilir. Bu paketin qiyməti 250 manatdır.
Bakının elit bərbərxanaları – SİYAHI, QİYMƏT
10:27
17 Aprel 2018