Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası-nın qərarı ilə sentyabrın 1-dən Azərbaycanda məhərrəm ayı başlayır. Təqribən 2 ay davam edəcək bu müddət ərzində ənənəyə uyğun olaraq müxtəlif dini mərasimlər keçirilir və ölkə əhalisinin inanclarına görə, toy və sair şənlik məclisləri təxirə salınır. Başqa sözlə, məhərrəmlik ayının başlanmasını təkcə dindar və möminlərə deyil, toy biznesinin iştirakçıları da hiss edəcək. Toylar isə artıq çoxdan təkcə xoş ənənə və şənlik məclisi deyil, iqtisadiyyatın müxtəlif sahələrinə ciddi təsiri olan böyük biznesə çevrilib.
FED.az ölkəmizdə toy biznesinin miqyası və əhatəsi, eləcə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə təsirini araşdırıb. Araşdırma toy obyektləri barədə nisbətən dəqiq məlumat olan Bakı şəhərini, şadlıq evlərində keçirilən məclisləri əhatə edir.
Müşahidələr göstərir ki, toy biznesindən ən çox və davamlı fayda əldə edən sahələr şadlıq sarayları, gözəllik salonları, məişət texnikası və mebel salonları, qızıl dükanları, geyim icarəsi sahələri, ət və ət məhsullarının istehsalçılarıdır.
Şadlıq sarayları
Toy biznesindən ən böyük fayda götürən sahə təbii ki, şadlıq saraylarıdır. Hazırda Bakı ərazisində təxminən 600 şadlıq sarayı fəaliyyət göstərir. Yeri gəlmişkən, Vergilər Nazirliyinin hesablamalarına görə, bunların böyük hissəsi vergidən yayınır. Toy məclislərninin həftənin günlərindən və digər amillərdən asılı rlaraq dəyişdiyini nəzərə aldıqda, hesablamalar üçün hər gün paytaxtda 600 şadlıq evinin 150-də toy olduğu əsas götürülüb.
Ortalama 1 şadlıq sarayı üçün menunu 40 manat götürsək 300 nəfərdən əldə olunan gəlir 12 min manat edər . Əgər bunu 150 şadlıq sarayı üçün nəzərə alsaq bir gün ərzində şadlıq saraylarının azı 1,8 milyon gəlir götürdyü dəqiqləşir. Təbii ki, bu pulların hamısı şadlıq sarayında qalmır. Toyun təşkili, qonaqların qidalanması və mədəni istrahəti üçün müxtəlif istiqamətə pullar xərclənir. Bunların böyük hissəsi ərzaq mallarına sərf edilir.
Şadlıq saraylarından FED.az-a bildirilir ki, 300 nəfərlik toy məclisi üçün ərzaq səbətinin əsas hissələri 180 kq ət, 110-120 şüşə araq-çaxır, təqribən 200 şüşə sərniləşdirici içkilər, 15 kq kolbasa və sairdir. Bundan başqa, hər şadlıq evində məclis zamanı ofisiant və digər qismdə 40-a qədər işçi çalışır.
Ət və ət məhsulları biznesi
Toy məclislərinin ən böyük tələbat yaratdığı sahə ət və ət məmulatlarıdır. Ətin 1 kq 8 manatdan nəzərə alanda 300 nəfərlik toy məclisi üçün 180 kq ətin alınmasına 1440 manat xərclənir. Bakıda 150 şadlıq sarayının fəaliyyət göstərdiyini nəzərə alsaq o zaman ət istehsalçıları bundan hər gün 220 min manta yaxın vəsait əld edirlər. Ay ərzində bu məbləğ 6,5-7 milyon manat ətrafındadır. Kolbasa məhsulları – Kolbasanın 1 kq təxminən 5 manatdırsa, 300 nəfərlik toy üçün bu 75 manat, 150 şadlıq sarayı üçün isə 11250 manat xərc deməkdir. Ay ərzində bu məbləğ 330-340 min manat arasında dəyişir.
Meyvə-tərəvəz
Şadlıq evlərinin inzibatçılarının təqribi hesablamalarına görə, 1 toy məclisində təxminən 100 kq meyvə-tərəvəz sərf edilir. Meyvənin 1 kq 3 manatdan götürsək bu 240 manat, tərəvəzlə birlikdə 300 manat xərc deməkdir. Gün ərzində paytaxtda 150 şadlıq evində toy olduğunu nəzərə alanda gündə bu məscislərdə minimum 45 min manatlıq meyvə satılır. Ay ərzində bu məbləğ 1,2 milyon manatı keçir.
Araq və çaxır məhsulları biznesi
Toy məclislərinin ayrılmaz atributu araq-çaxırdır. Yeri gəlmişkən, məhərrəmlikdə toyların dayandırılmasının əsas səbəbi də məclislərdə içkinin verilməsidir. Orta hesabla hər məclisdə 120 şüşə araq-şərab verilir (80+40 nisbətində). 1 şüşə içkinin qiymətini ortalama 10 manatdan götürsək bu bir toyda 1200 manat, 150 şadlıq sarayında isə 180 min manat dövriyyə deməkdir. Bir ay ərzində toylarda spirtli içkilərə xərclədiyi vəsait isə 5,5 milyon manat ətrafındadır.
Məhz buna görə, toyların dayanmasını şərab zavodlarının demək olar ki, hamısı hiss edir. Alkoqollu məhsul istehsal edən zavodlardın bəziləri böyük olduğu və xaricə məhsul ixrac etdikləri üçün toy olmayan zamanlarda daha az zərər görürlər. Bunlardan biri olan “Gəncə şərab – 2” ASC –dən bildirdilər ki, toyun olmaması onların satışının 10% həcmində azalmasına gətirib çıxarır, lakin digər şərab zavodu “Abşeron şərab” ATSC bildirdi ki, toy olmayan zamanlar sifarişlər iş olmayacaq dərəcədə az olur.
Musiqi biznesi
Bu sahədə gəlir əldə edənlərdən biri də musiqiçilərdir . Onların gəliri 1 toy üçün ən təqribi qiyətəndirmələrə görə, 1500 manat təşkil edir . Gün ərzində Bakıdakı hər 4 şadlıq sarayından 1-də, yəni 150 obyektdə toy olduğunu nəzərə alsaq, musiqi sahəsinin burdan götürdüyü gəlir gündə 225 min manat, ayda isə 7 mln manat olar.
İşçilər
Bəlkə də qəribə görünə bilər, amma şadlıq sarayları həm də sabit işəgötürəndirlər. Müşahidələr göstərir ki, hər bir şadlıq sarayında məclis zamanı ortalama 40 nəfər işçi salışır. Bu gün ərzində ümumilikdə 6 min işçi deməkdir. Adambaşına gündəlik ödənişin 15 manat nəzərə alanda bir şadlıq evində işçilərə 600 manat, ümumilikdə paytaxtda isə 90 min manat ödənildiyi ortaya çıxır. Ay ərzində isə bu 2,7 milyon manat deməkdir.
Gözəllik salonları
Şadlıq evindən kənarda toydan ən çox fayda götürən sahələrdən biri də gözəllik salonlarıdır. Məclisdə zövqlü və gözəl göünmək üçün qadınların üz tutduğu gözəllik salonları artıq çoxdandır ki, «toy piroqu»nun ən yağlı hissələrini – böyük xərclər aparır. Söhbət həm səbəbkar xanıma, həm də qonaqlara xidməti olunmasından gedir. Salonlarda qiymətlər fərqlidir. Müxtəlif səviyyəli gözəllik salonlarından FED.az-a bildirilib ki, səbbkarların bəzədilməsi orta hesabla 250-300 manata, qonaqların hər birinin toya hazırlaşmaq xərci isə 50-60 manat ətrafındadır. Nəticədə, təqribi hesablamalara görə, 1 toyun qadın qonaqlarının (toyda 300 nəfər qonağın 150-nin qadın olduğunu, onlardan 80-nin gözəllik salonuna baş çəkdiyini nəzərə aldıqda) gözəllik salonlarına gərclədiyi vəsait ümumilikdə 3500 manat ətrafındadır. Eyni gündə bütün şaydlıq sarayılarının qadın qonaqlarının gözəlliak salonlarına xərclədiyi vəsait 520-550 min manat arasındadır. Ay ərzində isə bu məbləğ 16 milyon manata çatır.
Gözəllik salonları üçün bu böyük məbləğdir. Buradan bildirirlər ki, toy mövsümünün başa çatması onların müştərilərinin 10-20%, bəzi salonlarda isə 80% azalmasına gətirib çıxarır.
Cehiz təsərrüfatı
Toyun əsas xərc maddələrindən biri də şadlıq evində kənardadır. Bazardakı qiymətləri və endirim kampaniyalarını nəzərə alanda orta hesabla bir ailə üçün cehiz xərcləri minimum 15 min manat təşkil edir. Bura, mebel, zəruri məişət texnikası, avadanlıq vəsair aiddir. Gündə paytaxtda 150 toy olduğunu nəzərə alsaq cehiz üçün xərclənən gündəlik məbləğ 2,2 milyon manata çatır. Ay rəzində bu məbləği 50-60 milyon manat ətrafında dəyişir.
Geyim icarəsi
Toy məclisləri və burada fərqli görünmək istəyinin yaratdığı daha bir yenilik geyimlərin icarəsidir. Artıq təkcə səbəbkar xanım deyil, məclisdə fərqli görünmək istəyən digər qonaqların bir hissəsi də geyimlərini icarəyə götürürlər. Məclisdəki səbəbkarın və qadın qonaqlarının 3-də birinin bu xidmətlərdən istifadəsini (adambaşına orta qiymət 50 manatdır) nəzərə alsaq, təkcə bir toyda qonaqların geyim icarəsi xərci 2000-2200 manata başa gəlir.
150 toy üçün bu məbləğ 330 min manata yüksəlir. Ay ərzində isə toylar üçün geyim icarəsi xərci 9-10 milyon manata çatır.
Taksi xidməti
Toy təkcə yeyib-içib əylənmək deyil, əvvəlcə məclisə gəlib çıxaq lazımdır. Müşahidələr göstərir ki, qonaqların təqribən 3-də biri, yəni 50 ailə məclisə yerinə taksi ilə gəlir. Eyni qaydada da məclisə tərk edir. Qonaqları gətirən hər taksi üçün gediş haqqının ortalama 6 manat oduğunu nəzərə alsaq, qonağın toya taksi ilə gəlib getməsi 12 manat xərc aparır. Məclisdəki 50 qonaq üçün bu 600 manat, bütün 150 şaydlıq evi üçün isə 90 min manatdır. Nəticədə ay ərzində toya gələn qonaqların taksi xərcləri 2,5-2,7 milyon manat arasındadır. Taksi şirkətləri də etiraf edir ki, toy mövsümündə, taksiyə minənlərin sayı xeyli artır. *9111-taksi xidmətinin direktor müavini Vəli Məmmədov FED.az-a bildirib ki, bu proses, yəni toyların olmaması keçən il 13:00-21:00 qədə olan saat aralığında sifarişlərin 70% azalması ilə nəticələnmişdi.
Avtoyuma
İlk baxışdan inanılmazdır, amma ay ərzində toya gedən qonaqlar təkcə avtomobillərinin təmizlənməsinə 1 milyon manatdan artıq pul xərcləyirlər. Toya gedən 300 qonağın 150-nin şəxsi avtomobili olduğunu və onların 50-nin məclisə gəlməzdən əvvəl avtomobilini təmizlətdiyini nəzərə almaq olar. Təmizlik xərci bir avtomobil üçün 5 manat, bir məslis üçün 250 manat, 150 şadlıq evi üçün 37500 manat, bir ay ərzində isə 1 milyon 125 min manat deməkdir.
Ayda 110 milyon manatdıq toy biznesi
Başqa sözlə, bir ay ərzində toy məclisləri və onunla əlaqəli olan sahələrə minimum qiymətlərlə götürdükdə 110 milyon manat vəsait sərf edilir. Bu pullar müxtəlif malların və xidmətlərin dəyərinin ödənilməsinə getməklə, iqtisadiyyatda zəruri dövriyyə yaradır. Qiymətlər minimum göstərildiyinə görə, reallıqda bu məbləğlər 2-2,2 dəfə artıq ola bilər.
Azərbaycanda toylardan kimlər nə qədər qazanır? – SIYAHI, MƏBLƏĞLƏR
08:59
11 Sen 2018