Müsahibimiz Azərbaycanda ilk online ödəniş qəbul etmə imkanı olan (e-Commerce) gül buketləri və şirniyyatların sifarişi saytı olan Baku Local Floristin (www.Garden.az) yaradıcısı Emil Rüstəmovdur.
- Emil bəy, Azərbaycanda online gül sifarişi dükanı yaratmaq istəyi, ideyası necə yarandı?
Mən hələ 2007-ci ildə ABŞ-da işləyən zaman, orada tez-tez gül göndərmək ehtiyacı ilə qarşılaşırdım. Bütün günü məşğul olduğumdan, bu işi özüm görə bilmirdim. Odur ki, internetdə bu sahə üzrə ixtisaslaşan online xidmətlərdən istifadə edirdim. Bu saytlardan çox rahatlıqla gülü göndərəcək şəxsin kontaktlarını və ünvanını göstərməklə gül göndərmək mümkün idi. Məsələnin rahat tərəfi online ödənişin olmasında idi – çünki bu işi daha da asanlaşdırırdı, kuryerlə görüşüb ödəniş etmək ehtiyacını aradan qaldırırdı.
Azərbaycana qayıtdıqdan sonra gül göndərmək problemi ilə yenidən üzləşdim – burada Amerikadan fərqli olaraq xüsusi saytlar yox idi. Əslində gül mağazalarının saytları var idi, lakin onlar daha çox vitrin xarakteri daşıyırdı, operativ işləyən, elektron funksionallıqlara malik və online ödəniş qəbul edən variantlar ilə rastlaşmadım. Odur ki, 2012-ci ildə əsas işim banklardan birində olmasına baxmayaraq, bu ideyanı reallaşdırmaq qərarına gəldim.
- Bu ideyanın reallaşdırılmasının xərcləri haqqında qısaca informasiya verərdiniz. Hansı məbləğdə investisiya ilə başlamışdınız?
Başlanğıcda ilkin xərc əsasən saytın yaradılması ilə bağlı oldu. Saytı tanış proqramçılardan biri ilə birlikdə təxminən 1500 manata hazırladıq. Artıq 2013-cü ildən sayt öz işinə başladı. Saytımızda Azərbaycanda gül dükanları – floristlər arasında ilk olaraq online ödəniş, Google Map-da çatdırılma yerini təyin etmək funksiyası, Paypalın vebsayta tam inteqrasiyası, elektron açıqca və konsyerj funksiyalarını ilk dəfə ölkədə biz tətbiq etdik.
Qeyd edim ki, saytın işləmə mexanizmi çox sadədir: Müştəri özü və gülü göndərmək istədiyi şəxsin məlumatlarını saytda bir səhifədə olmaqla qeyd edir və növbəti səhifədə artıq ödənişini edir. Bundan sonra bütün məlumatlar bizim əməkdaşlar tərəfindən qəbul edilir və əməkdaşlıq etdiyimiz florist dükanlarından birinə sifariş verilir. Buket hazır olduqdan sonra ən qısa zamanda buket lazımi ünvana çatdırılır.
Daha sonra, əmək haqqı, kuryer, çap və inzibati xərclərlə tanış olduq. İlkin vaxtlarda özümüz etsək də, sonralar mühasibatlıq və İT təminat kimi autsors xərclərimiz də peyda oldu. Həmçinin manatın güclü vaxtlarında Google və Facebook üzərindən rəqəmsal reklamlar edirdik. Bunlara ortalama aylıq 100-200$ xərcləyirdik, lakin son zamanlar müəyyən səbəblərə görə bunu etmirik.
- Startup biznesi quran şəxslər adətən ilkin dövrlərdə müəyyən çətinliklərlə qarşılaşırlar, sizin işinizdə əsas maneələr və baryerlər nələr olub?
Təbii ki, bizim işimiz güllərlə bağlı olduğu üçün, ilk növbədə keyfiyyətli məhsulun gül dükanlarından müştərilərə eyni qiymətdə çatıdırılması bizim üçün prioritet idi. Bu istiqamətdə müəyyən çətinliklərimiz olurdu. Dükanlar niyə görə bizimlə işləmələrini, niyə görə bizə endirimli qiymətlər təqdim etmələrinin əhəmiyyətini çox vaxt tam olaraq anlamırdılar. Normalda bizim işimizin modeli sifarişləri florist dükanlarımıza ötürmək, buketlərin müasir formada yığılaraq ən yeni güllərdən istifadə olmasına və daha sonra müştərilərə çatdırılmasına nəzarət etməkdir. Bir növ keyfiyyətə qarant durmaqdan ibarətdir. Lakin, həm də qiymətin mağazalardan ucuz və ya ən pis halda eyni qiymətdə olmasını təmin etməkdir. Bunları da ahəngdə saxlamaq ilkin dövrlərdə çox çətin idi. Əvvəllər biz hətta dükan qiymətinə məhsulu alaraq eyni qiymətə, öz hesabımıza müştərilərə çatdırırdıq. Bu da təbii ki, bizim üçün maliyyə itkisi idi. Lakin, sonralar getdikcə sifarişlər artırdı və floristlərin bizə qarşı mövqelərində yumşalmalar olurdu ki, nəticədə bizimlə əməkdaşlıqda daha maraqlı oldular.
Artıq müəyyən dövr keçdikdən sonra, dükanlar bizimlə işləməkdə maraqlı olduqdan sonra, biz öz tələblərimizə cavab verən mağazalarla əməkdaşlığımızı davam etdirirdik. Burada həm qiymət, həm keyfiyyət, həm də müştəri axını ilə bacarmaq imkanları nəzərə alınırdı.
- “Garden.az”ın istifadəçiləri əsasən kimlərdir?
Bizim xidmətlərimizdən istifadə edənlər əsasən işgüzar şəxslərdir. Onların arasında həm yerli əhali həm də, maraqlısı odur ki əksəriyyəti, xaricilərdir. Azərbaycanla əlaqəsi olan xarici müştərilərimiz bizim xidmətə çox etibar edirlər. Fikrimcə, bu saytımızın sadəliyi, sifarişin rahatlığı və ən əsas xidmətimizin keyfiyyətinə görədir. Ümumiyyətlə sadiq müştərilərimizin sayı durmadan artır. Düşünürəm bu ona görədir ki, biz çox səs-küy salmağın, bayağı reklamlar etməyin və ya dünyanı fəth etməyin iddiasında deyilik. Sadəcə başımızı aşağı salıb öz müştərilərimizə xidmət göstəririk və reklamı artıq onlar bizim üçün edir.
Adi şəxslərlə bərabər, hüquqi şəxslərdən ölkənin ən iri bankları və böyük şirkətlərlə də əməkdaşlıq edirik. Hətta “Coca-Cola” kimi nəhənglərlə belə əməkdaşlığımız olub. Bu daha çox əlamətdar günlərdə təşkilatların öz partnyorlarına hədiyyə şəklində gül buketlərinin göndərilməsi, tədbirlərin dekorasiya olunması və s. şəklində olur.
- Gül biznesinin spesifikası əsasən nələrdən ibarətdir və ümumiyyətlə qarşılaşdığınız gözlənilməz maraqlı hadisələr hansılar olub?
Əslində bu sahə olduqca maraqlı və özündə müəyyən füsunkarlıq daşıyan biznesdir. İşimizin gedişatında gənclərin bir-biri ilə tanışlığı dövründə gül göndərmələrindən onların münasibətlərinin daha da möhkəmlənməsi, ailə qurması mərhələlərini müşahidə etmək mümkündür. Məsələn, uzun müddət bizdən sevgi buketləri sifariş edənlərin qısa aralıqdan sonra doğum evlərinə gül buketi göndərməsi bizə gizli sevinc və xoş təəssüratlar bəxş edir. Bəzən, xaricdə olan övlad Qadınlar Günündə anasına vaxtında gül göndərməyi unudur və artıq gecə vaxtlarında bizdən xahiş edir ki, anasına təcili gül çatdıraq. Evdə tənha yaşayan və gözləri yol çəkən bir ananın buketi gördükdə hönkür çəkib ağlaması daşları belə əridəcək bir mənzərədir. Bu tip hadisələr, insanların həyatlarında olan ən vacib münasibətlərinin gedişatının şahidi olmaq olduqca maraqlı və romantizmlə doldur. İnsanlara bu tip xoş hisslər bəxş etmək, təbii ki biznesin əvəzolunmaz bonuslarıdır.
Əlbəttə, biznesin çətin anları da olur. Şikayətlər, qəzəbli telefon zəngləri və s. də olur. Düşünürəm bu qaçılmazdır və bundan sadəcə ibrət götürüb bir daha təkrarlanmaması üçün səy göstərmək lazımdır. Amma inandırım sizi ki, bizim bir daha xüsusiyyətimiz məhz bu kimi müştərilərin əksəriyyətini daha sonra özümüzə ən yaxın dost etməyi bacarmağımızdır. Bunun üçün bizim öz üsullarımız var.
- Emil bəy, Azərbaycanda “eCommerce”in inkişafını necə qiymətləndirirsiniz? Bu sahədə perspektiv varmı ya hələki çox zəif templə inkişaf edirik?
Son bir neçə ildə Azərbaycandə eCommerce hələki tam gücü ilə inkişaf etməsə də, elektron ödənişlər artıq sürətli inkişaf tempinə başlayıb. Misal üçün 2017-ci ildə ölkədə bank kartları ilə eCommerce ödənişlərinin ümumi həcmi 594 mln. manat olduğu halda , 2018 ilin birinci yarısında artıq 602 mln. manat həcmində əməliyyat olub. Bu isə ən azı 2 dəfə artım deməkdir ki, düşünürük yaxın illərdə bu inkişaf daha da intensivləşəcək. Sadəcə elektron ticarətə xüsusi dəstək göstərilə bilər, məsələn, inkişafı naminə, bir sıra dövlət rüsumu və bank xidmət haqları azaldıla bilər. Çünki bu adi pərakəndə biznesdən fərqli olaraq yalnız nağdsız ödənişlər əsasında qurulub, həm də müasir texnologiyaların ölkəmizdə tətbiqini cəlb edə bilər.
Bir sıra banklar və ya bonus xidmətləri verən təşkilatlar internet mağazalarla əməkdaşlığa hazır deyillər. Bu istər GoldenPay-in Hesab.az kimi komunal servisi olsun, istər Bakcelin Ulduzum kimi layihələri olsun ki, əməkdaşlığı texniki baxımdan yalnız fiziki mağazalarla edə bilirlər. Danışıqlarımız dəfələrlə nəticəsiz qalıb. Lakin ümid edirik ölkəmizdə bu sahə inkişaf etdikcə və internet mağazaların sayı artdıqca bu kimi problemlər də aradan qalxacaq.
- Artıq neçə ildir bu biznes fəaliyyət göstərir? Onu gəlirli hesab etmək olar?
Çox düzgün olaraq bu iki sualı eyni vaxtda verdiniz. Çünki bunlar bir-biri ilə çox əlaqəlidirlər. Bir-az əvvəl qeyd etdiyim məsələlərə görə bir neçə il zərər və maya qiymətinə işlədik. Sadəcə səbrli olub işimizə davam etdik. Artıq 6 ildir fəaliyyət göstəririk və təbii ki, gəlirli olmayan işdə uzun müddətli səbrdən danışmaq olmaz.
Biznesə uğurlu başlamaq üçün fikrimcə aşağıdakı məqamlar çox vacibdir:
- düzgün biznes model və qazanc mexanizmi fikirləşmək,
- xərcləri daim minimallaşdırmağa çalışmaq,
- işini sevmək və belə insanlarla işləmək,
- və ən əsası müştərilərə hər zaman hörmət etmək.
- “Baku Local Florist”in gələcəyini necə görürsünüz – bundan sonra nə addımlar, nə yeniliklər etmək haqqında düşünürsünüz?
Göründüyü kimi saytımızın dizaynı artıq köhnəlib və istəyirik bu istiqamətdə müəyyən yeniliklər edək. Bu addım çərçivəsində xidmətinizin əhatə dairəsini genişləndirmək haqqında düşünürük. MDB-yə açılmaq üçün ilkin olaraq xidmətimizi Ukrayna və Qazaxıstanda təklif etmək istəyirik. Bunun üçün hazırda o bazarlara daxil olmaq strategiyası və yeni sayt üzərində işlər gedir.
Düşünürük yaxın 1 ildə bu istiqamətdə hansısa konkret addımlar atacağıq. Bu bazarları seçməkdə əsas səbəblər, bu ölkələrdə müəyyən əlaqələrin, fiziki mağazalar şəbəkəsinin və orada dostlarımın olması ilə bağlıdır. Təbii ki, belə ekspansiya həmçinin ciddi investisiya və strateji araşdırmalar da tələb edir ki, bu səbəbdən biz texniki işlərlə paralel potensial partnyorlarla danışıqlar aparırıq.
- Biznes qurmaq istəyənlərə arzularınız və tövsiyyələriniz?
Bu sahədə özümü ekspert kimi hiss etmirəm, amma bir sıra tövsiyələrim təbii ki vardır. İşlədiyim məkan və ətraf mühitim sayəsində çox vaxtlar layihənin başlanğıcında hər bir məsələnin xırdalıqlarına kimi təhlil olunması və risklərinin qiymətləndirilməsinin çox vacib olduğunu eşitmişəm. Amma müşahidə etmişəm ki, bunun çox da üzərinə getmək lazım deyil. Risklər vacibdir, lakin onlar biznesə qulluq etməlidir. Əksər vaxtlar riski biznesə uyğunlaşdırmaq əvəzinə, biznesi risklərə qurban verirlər. Əminəm bir çox insanlar bəlkə də gələcəyinin Richard Bransonu və ya elə Araz Ağalarovu ola biləcəyi halda gənclikdə dost-tanışlarının şablon məsləhətləri ucbatından ideyalarını unudurlar. Sonra da, daha da risk edərək ümidlərini pensiyaya bağlayırlar.
Hər bir halda xatırlamaq lazımdır ki, əksər uğurlu sahibkarlar yollarının başlanğıcında ciddi uğursuzluqlarla qarşılaşıblar. Lakin bu onlara yeni ideya, istiqamət və ya hünər verməklə gələcəyini daha da möhkəmləndirib. Bu baxımdan gənclərə arzum odur ki, istənilən ideyalarnın ardı ilə getmək dəliqanlığını qoruyub saxlaya bilsinlər.