Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.
Ötən ay alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,1 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 14,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 ay əvvələ nisbətən real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.
İl ərzində pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,4 %, fərdi sahibkarlar üzrə 1,8 %, bazar və yarmarkalarda isə 5,5 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 516 manatlıq, o cümlədən 279 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 237 manatlıq qeyri-ərzaq malları alıb.










