2026-cı ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artım göstərib.
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artaraq 3 milyard 221,4 milyon manat təşkil edib.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,6% artaraq 1 milyard 781,8 milyon manata, qeyri-ərzaq mallarının dəyəri isə 2,8% artaraq 1 milyard 439,6 milyon manata çatıb.
2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6% azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7,0% artıb.
İstehlak məhsullarının 33,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 58,0%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4%-i isə paytaxtın əmtəə bazarlarında satılıb.











