Azərbaycanın Dövlət Statistika Komitəsi açıqlayıb ki, ölkədə işsizlik səviyyəsi daha da azalıb.
Eləcə də bax: Azərbaycan əhalisinin gəlirləri - 20% ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, ölkədə işsizlik səviyyəsi avqustda 5.76 faizdən 5.70 faizə düşüb. Söhbət 1 sentyabr 2022-ci il tarixinə olan statistikadan gedir.
DSK açıqlayır ki, 2022-ci il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 347.1 min nəfər olmuş, onlardan 5 milyon 042.5 min nəfərini məşğul əhali təşkil edib.
Bu da ölkədə 304.6 min işsiz olması deməkdir. Bir ay öncə bu say 307.8 min idi.
Ölkədə işsizlik pandemiyadan sonra 2021-ci ilin fevralında 7.16 faizə çatmışdı. 2021-ci ilin mayında işsizlik səviyyəsi 7 faizin altına, sentyabrda isə 6 faizin altına düşmüşdü.
Cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 719.1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 897.5 min nəfər, qeyri-dövlət sektorunda isə 821.6 min nəfər təşkil edir. İqtisadiyyatın neft-qaz sektorunda 31.4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1687.7 min nəfər çalışmışdır.
İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.
Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.