İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayı açıqlanıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% artaraq 2,7 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 706,9 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 10 ayı ərzində spirtli və spirtsiz içkilərin, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 24,6%, qara metal məmulatlarının ixracı 19,8%, meyvə-tərəvəz ixracı isə 11,5% artıb.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2% artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 162,7 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (348,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (126,1 milyon ABŞ dolları) ikinci, qızıl (118,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 881,4 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, Gürcüstana 266,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 129,8 milyon ABŞ dolları, Qazaxıstana isə 84,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin oktyabr ayının qeyri-neft ixracı 15,4% artaraq 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1% artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6% artımla 187,7 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (44,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (26 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (29,5 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (17,7 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 221,4 milyon ABŞ dolları, noyabr ayında isə 42 milyon ABŞ dolları olub.
İcmal tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-oktyabr aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. Bu aylar üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “STP Global Cable” MMC, “My Fruit” MMC, “P-Aqro” MMC, “Mors Trading” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 46 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 42 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,4 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ, 872,9 min ABŞ dolları ilə Almaniya və 622 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
2023-cü ilin yanvar-oktyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,8 milyard manat, yalnız oktyabr ayında isə 203,6 milyon manat dəyərində əməliyyat aparılıb.