Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 1,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2 %, qeyri-qida məhsulları üzrə 1,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7 % artıb.
Marketlərdə ət və ət məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (Mart, 2024)
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6 %, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 % yüksəlib.
O cümlədən, fevralda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 0,7 %, əvvəlki ilin eyni dövrünə nisbətən isə 0,2 % artıb. Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, azalma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,1 %, ötən ilin eyni dövrünə nisbətən isə 1,6 %artıb. Qeyri-qida məhsullarından artım əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, azalma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevralda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 1 %, ötən ilin eyni dövrünə nisbətən isə 2,7 % yüksəlib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mobil telefonlarla danışıq haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.