İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən 2026-cı il aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 472 mini ötüb.
Fiziki şəxslərin vergi uçotu qaydalarında dəyişiklik - Müddət 15 günə endirildi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (25,9 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,2 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 76,2 faizini kişilər, 23,8 faizini isə qadınlar təşkil edib. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38,3 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26,2 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22,3 faizini təşkil edir. Sahibkar qadınların 28,1 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,8 faiz), Naxçıvan Muxtar Respublikası (27,9 faiz), Gəncə-Daşkəsən (26,2 faiz), Bakı (25,8 faiz), Şərqi Zəngəzur (24,9 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.













