2021-ci ilin 1-ci rübü ərzində Azərbaycanda 12 min nəfərdən çox işçi iş yerini itirib.
Eləcə də bax: Azərbaycanda özəl sektorda - İxtisarlar Edilir
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, 2021-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla (əmək müqaviləsi ilə – FED.az) çalışan işçilərin sayı 1679,7 min nəfər olub.
Onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
İlin əvvəl ilə müqayisədə işləyənlərin sayı 12,1 min nəfər azalıb. Qeyd edək ki, 2021-ci ilin yanvarın 1-də Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 691,8 min nəfər idi.
Onlardan 910,8 min nəfəri dövlət sektorunda, 781,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Başqa sözlə, ilin əvvəlindən indiyədək dövlət sektorunda çalışanların sayı 4,5 min nəfər artıb. Özəl sektorda çalışanlar isə 16,6 min nəfər azalıb.
Bununla yanaşı, qeyd edək ki, son bir ayda işləyənlərin sayının artması müşahidə olunur. Belə ki, martın 1-də işləyənlərin sayı daha az idi – 1 milyon 678,5 min nəfər.
Başqa sözlə, mart ayında işləyənlərin sayına 1,2 min nəfər artım var.