2024-cü ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22,0 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirlirb.
Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,7 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2024-cü il vəziyyətinə 543,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 37,0 milyon manat məbləğində digər məhsullar da mövcud olub.