Bu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz azalaraq 24,1 milyard manat təşkil edib.
FED.az-ın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsindən Azərtac-a bildirilib ki, sənaye məhsulunun 82,6 faizi mədənçıxarma, 15,5 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,7 faiz olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,8 faiz, xidmətlərin göstərilməsi isə 10,2 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-i vəziyyətinə 204,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 20,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Bakıda istehsal azalıb - STATİSTİKA
22:43
29 Avq 2018