2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-may aylarına nisbətən 113,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil edib.
Taleh Kazımov: "İllik inflyasiya 8,3% olacaq"
Dövlət Statistika Komitəsindən (DSK) FED.az-a verilən məlumata görə, 2023-cü ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin may ayına nisbətən 111,5 faiz təşkil edib.
2023-cü ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,9 faiz, əvvəlki ilin may ayına nisbətən 112,7 faiz təşkil edib.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, təzə balığın, südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, arağın, bahalaşma isə əsasən düyünün, mal, qoyun və toyuq ətinin, yoqurtun, xamanın, zeytun yağının, limonun, almanın, balqabağın, kələmin, yerkökünün, şəkər və şəkər tozunun, mineral suların qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin may ayına nisbətən 110,7 faiz təşkil edib. May ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən ayaqqabıların, soyuducuların, kondisionerlərin, velosipedlərin, dezodorantların, ucuzlaşma isə kəsilmiş taxtaların, kərpiсin, mobil telefonların və noutbukların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin may ayına nisbətən 110,5 faiz təşkil edib. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında, paltarların, məişət cihazlarının, mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.