Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 370,7 milyon ABŞ dolları təşkil edib.
Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, ticarət dövriyyəsinin 5 milyard 719,7 milyon dollarını və ya 68,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 651 milyon dollarını (31,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3 milyard 68,7 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,7 faiz, real ifadədə 4,5 faiz, o cümlədən idxal 10,9 faiz, ixrac isə 2,4 faiz artıb.
Cari ilin yanvar-fevral aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 36,6 faiz, real ifadədə 32,3 faiz artaraq 651,4 milyon dollar olub.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19,5 faizi İtaliya, 12,5 faizi Türkiyə, 10,6 faizi Rusiya, 5,6 faizi Çin, 5,3 faizi Almaniya, 4,7 faizi İsrail, 4 faizi İspaniya, 3,8 faizi Rumıniya, 3,6 faizi Fransa, 3,4 faizi Hindistan, 2,5 faizi Çexiya, 2,4 faizi Gürcüstan, 2 faizi Yunanıstan, hər biri 1,5 faiz olmaqla Avstriya, Türkmənistan və Vyetnam, hər biri 1,4 faiz olmaqla İndoneziya, Qazaxıstan və İrlandiya, 11,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 29,3 faizini İtaliyaya, 12,3 faizini Türkiyəyə, 7,3 faizini İsrailə, 6,1 faizini İspaniyaya, hər biri 5,6 faiz olmaqla Almaniya və Rumıniyaya, 4,5 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,6 faizini Çexiyaya, 3,5 faizini Gürcüstana, 3,1 faizini Yunanıstana, hər biri 2,1 faiz olmaqla Avstriya və İrlandiyaya, hər biri 1,9 faiz olmaqla İndoneziya və Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,2 faizini Fransaya, 0,5 faizini Çinə, 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (42 faiz), Rusiyaya (21,1 faiz), Gürcüstana (9,9 faiz), Qazaxıstana (3 faiz), İsveçrəyə (2,9 faiz), Ukraynaya (2,8 faiz), Türkmənistana (2,4 faiz), Rumıniyaya (1,5 faiz), İtaliyaya (1,4 faiz), Niderlanda (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,3 faizi Rusiya, 14,3 faizi Çin, 12,9 faizi Türkiyə, 7,7 faizi Fransa, 4,7 faizi Almaniya, 3,4 faizi Türkmənistan, 3,1 faizi İran, 3 faizi Qazaxıstan, 2,9 faizi ABŞ, 2,8 faizi İtaliya, hər biri 1,9 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Belarus, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 1,4 faizi Hindistan, 0,9 faizi Polşa, 0,8 faizi Braziliya, 12,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Bu ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 59,2 faiz, meyvə və tərəvəz şirələri 98,6 faiz, meyvə və tərəvəz konservləri – 2 dəfə, çay 13,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2,4 dəfə, polipropilen 2 dəfə, polietilen 3,6 faiz, emal olunmamış alüminium 18,2 faiz mineral gübrələr 23,9 faiz, qara metallardan borular 6,6 faiz, sement klinkerləri 14,5 faiz artıb, təzə meyvə ixracı isə 6,8 faiz, təzə tərəvəz 13,5 faiz, tütün 45 faiz, bitki yağları 72,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 57,1 faiz, kartof 48,3 faiz, pambıq lifi 45,2 faiz, pambıq ipliyi 11,9 faiz, bentonit gili 26,8 faiz, qara metallardan çubuqlar 52,7 faiz azalıb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2023-cü ilin yanvar-fevral aylarında buğda idxalı 78 faiz, şokolad və şokolad məhsulları 22,6 faiz, unlu qənnadı məmulatları 2,3 faiz, çay 10,1 faiz, quş əti və onun əlavə məhsulları 2,8 faiz, minik avtomobilləri 25,3 faiz, dərman vasitələri 26,4 faiz, polad prokatı 70,9 faiz, qara metallardan borular 21,2 faiz, rezin şinlər 30 faiz, sintetik yuyucu vasitələr 19,1 faiz, yük avtomobilləri 30,4 faiz, polietilen 45,8 faiz, qara metallardan çubuqlar 13,2 faiz, mebellər 7,3 faiz, mineral gübrələr 60,2 faiz, paltaryuyan maşınlar 52,1 faiz artıb, təzə meyvə idxalı isə 10,4 faiz, xam şəkər 27,5 faiz, bitki yağları 55,8 faiz, kartof 21,5 faiz, kərə yağı, digər süd yağları və pastaları 35,4 faiz, təzə tərəvəz 22,3 faiz, mal əti 13,2 faiz, siqaretlər 46,2 faiz, hesablama maşınları, blok və qurğuları 16,5 faiz, qara metallardan künclüklər 14,1 faiz, polipropilen 9,1 faiz, məişət kondisionerləri 64,2 faiz, avtobuslar 66,7 faiz, məişət soyuducuları 36,9 faiz, sement 5,1 faiz azalıb.