2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.
AMB: "Bu il illik inflyasiya 8% ətrafında olacaq"
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz yüksəlib.
Komitənin məlumatında qeyd edilib ki, 2023-cü ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz artıb.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz yüksəlib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampalarının, sintetik yuyuсu vasitələrin, diş pastalarının, sabunların, şampunların, dərman vasitələrindən analginin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, yağlı boyaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir
2023-cü ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz artıb. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mobil telefonlarla danışıq haqlarında, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.