2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 819 milyon manat ($481,7 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,7% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2,733 milyon ton sement (artım 3,1%), 20,9 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 42,6%), 54,5 min ton asfalt (azalma 55,3%), 432,2 min kubmetr tikinti kərpici (azalma 4,3%) və 6,656 milyon kvadratmetr tikinti şüşəsi (artım 17,4%) istehsal edilib.
Bundan başqa, 2,782 milyon ton sement klinkeri (artım 7,6%), 62 min ton tikinti gipsi (artım 99,4%), 2,814 milyon ton hazır beton qarışığı (artım 14,9%) və 37,5 min ton tikinti əhəngi (artım 20,6%) istehsal edilib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur. (İnterfaks-Azərbaycan)