2023-cü ilin yanvar-noyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,9 faiz və 18,1 faiz artıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 206,9 milyon ton yük daşınıb. Yüklərin 4,0 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,1 faizi hava, 57,7 faizi avtomobil nəqliyyatı, 30,1 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,6 faiz artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9 faiz təşkil edib.
2023-cü ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1732,0 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.