2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda illik inflyasiya 10,2 faiz təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 11,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 9,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,1 faiz təşkil edib.
2023-cü ilin oktyabr ayında isə aylıq inflyasiya 0,4 faiz, illik inflyasiya 3,9 faiz təşkil edib.
DSK-nin məlumatına görə, 2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 3,1 faiz təşkil edib.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma:
düyünün,
mal və qoyun ətinin, təzə balığın,
südün, yumurtanın,
üzümün, pomidorun, xiyarın, bibərin, badımsanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın,
meyvə şirəsinin qiymətində qeydə alınıb.
Ən çox ucuzlaşma isə əsasən:
manna və qarabaşaq yarmasının, çörəyin,
süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının,
naringinin, limonun, kivinin, almanın,
kələmin, balqabağın,
şəkər tozunun, qəhvənin qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə qiymətlər əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 4,7 faiz artıb.
Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən:
paltaryuyan maşınların,
sementin, kəsilmiş taxtaların qiymətində baş verib.
Oktyabrda qeyri- ərzaq mallarında ucuzlaşma isə əsasən
mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə edilib.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiyməti əvvəlki ayla müqayisədə dəyişməyib, əvvəlki ilin oktyabr ayına nisbətən isə 4,5 faiz artıb.