Bu ilin iyun ayında Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,7%, əvvəlki ilin iyun ayına nisbətən 103% təşkil edib.
Eləcə də bax: Pandemiya dövründə əhalinin ərzağa xərclədiyi vəsaitin məbləği - AÇIQLANIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5%, əvvəlki ilin iyun ayına nisbətən 105,3% təşkil edib.
"Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, qarğıdalı yağının, limonun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, çiyələyin, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, təzə göbələyin, kartofun, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, vermişelin, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, süfrə marqarininin, almanın, armudun, göyərtinin, mərcinin, qəhvənin, meyvə şirəsinin, arağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib", - komitədən bildirilib.
Hesabat ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin iyun ayına nisbətən 101,5% təşkil edib. İyunda qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, sulu boyaların, divar kağızlarının, laminat parketin, dəhliz üçün mebelin, xalçaların, kondisionerlərin, ventilyatorların, təsərrüfat sabununun, tibb termometrlərinin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, kərpicin, elektrik ütülərinin, televizorların, mobil telefonlarda müşahidə olunub.
2020-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin iyun ayına nisbətən 101,2% təşkil edib. Əvvəlki aya nisbətən indeksin artması cari ilin aprel və may ayları üçün əhali qrupu üzrə tətbiq edilmiş elektrik enerjisinin güzəştli istehlak limitinin müddətinin başa çatması səbəbindən elektrik enerjisinin orta qiymətinin artması, habelə stomatoloji və qanın ümumi analizi xidmətlərinin qiymətlərində artımın müşahidə olunması ilə bağlı olub.
Qeyd edək ki, cari ilin yanvar-iyun ayında Azərbaycanda 3%-lik inflyasiya qeydə alınıb. (APA)