Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,7 milyard manatlıq, o cümlədən 10,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 12,6 % TƏŞKİL EDİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 3,8 % artıb.
2022-ci ilin yanvar-may aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,1 %-i ərzaq məhsullarının, 5,1 %-i içkilər və tütün məmulatlarının, 13 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,5 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, elekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-may aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 %, bazar və yarmarkalarda 6,9 % artmış, fərdi sahibkarlar üzrə isə 1,6 % azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 352,6 manatlıq, o cümlədən 201,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151 manatlıq qeyri-ərzaq malları alıb. (Report)