Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-noyabr aylarında 200,3 milyon manatlıq məhsul istehsal olunub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 37,1 faiz artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 1,2 faiz azalıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə artıb, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 41,2 faiz azalıb.
2022-ci ilin yanvar-noyabr aylarında 158 min 384 ədəd mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihaz, 24 min 764 ədəd avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparat, 24 100 ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları, 7696,5 ton 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri, 695,6 ton 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqilləri, 93 ədəd məişət soyuducuları istehsal edilib.