Azərbaycanda kolbasa və sosiska məhsullarının orta qiymətində son bir illə müqayisədə bahalaşma müşahidə edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, suda bişmiş kolbasanın son bir ildəki orta qiyməti 1 manat 91 qəpik, yəni 16,6 faiz artaraq 11 manat 47 qəpikdən 13 manat 38 qəpiyə yüksəlib.
Yerli istehsal olan kolbasa 1 manat 63 qəpik, və ya 16,2% artaraq 10 manat 04 qəpikdən 11 manat 67 qəpiyə yüksəlib. İdxal olunan kolbasanın qiymətində isə 5 manat 58 qəpik və ya 31,4% artım olub. Ötən ilin oktyabrında 13,14 manat olan xarici suda bişmiş kolbasa bu il 18 manat 72 qəpik təşkil edib.
Hisə verilmiş və yarım hisə verilmiş kolbasa məhsullarının qiymətində də artım müşahidə olunub. Belə ki, bu növ kolbasanın 1 kiloqramının orta qiyməti 14 manat 77 qəpikdən 17 manat 19 qəpiyə qalxıb. Nəticə 2 manat 42 qəpik və ya 16,4% bahalaşma baş verib. Yerli məhsulun qiyməti də 12 manat 84 qəpikdən 13 manat 82 qəpiyədək artıb. Nəticədə qiymətlər 98 qəpik, yəni 7,6% yüksəlib. İdxal olunan kolbasanın qiyməti isə 4 manat 05 qəpik, yəni 22,4% artaraq 18 manat 06 qəpikdən 22 manat 11 qəpiyə dəyişib.
Sosiska və sardelka məhsullarına gəldikdə isə, bu məhsulların orta qiyməti 10 manat 86 qəpiyə yüksəlib. Nəticə də qiymətlər 2 manat 54 qəpik, yaxud, 23,4% artıb.
Yerli istehsal olunan məhsulu ötən ilin oktyabr ayında 9 manat 68 qəpik təşkil edirdisə, cari ili müvafiq dövründə bu rəqəm 11 manat 07 qəpik olub. Nəticədə 1 manat 39 qəpik, yəni 14,3% qiymət artımı baş verib. İdxal məhsullarında da artım qeydə alınıb. Belə ki, keçən ilin oktyabrında 1 kiloqram sosiska və sardelka 11 manat 33 qəpik idisə bu ilin oktyabrında bu rəqəm 14 manat 90 qəpik olub. Nəticədə, ötən illə müqayisədə 3 manat 57 qəpik və ya 31,5%-lik artım olub.