Azərbaycanda rəsmi statistikaya görə, işsizlik səviyyəsi bir qədər də azalıb.
Eləcə də bax: Azərbaycanda orta aylıq əməkhaqqı - 14% ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, 1 iyul 2022-ci il tarixinə ölkədə işsiz statuslu 308.2 nəfər insan olduğu açıqlanıb.
Bu da bir ay ərzində 5.1 min nəfər, yaxud 1.6% azalmadır.
Bununla da ölkədə işsizlik səviyyəsi son ayda 5.88%-dən 5.78%-ə qədər azalma yaşayıb.
DSK qeyd edir ki, hesabat dövrünə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 334.3 min nəfər olmaqla, onlardan 5 milyon 026.1 min nəfərini məşğul əhali təşkil edib.
Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903.5 min nəfər, qeyri-dövlət sektorunda isə 802.5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 30.9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 675.1 min nəfər çalışıb.
İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.
Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.