Azərbaycanda özünə iş axtaranlar ən çox dost-tanışın köməyindən istifadə edirlər.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin «Həyat tərzi» araşdırmasında məlum olub.
Araşdırmadan görünür ki, dost-tanış vasitəsilə işə düzəlmək qavrayışı daha güclüdür (30,4%). Respondentlər qeyd edir ki, çox vaxt qapalı vakansiyalar barədə məlumatları dostlar, tanışlar, qohumlar vasitəsi ilə tapmaq olur.
Sorğu iştirakçıları məşğulluq mərkəzləri vasitəsilə iş tapmağı ən effektiv yol hesab etmir, onlar qeyd edir ki, məşğulluq mərkəzlərində ən çox tələbat əsasən az maaşlı işlərdə çalışmaq istəyən işçilərdir. Amma buna baxmayaraq məşğulluq mərkəzlərini iş axtarmaq üçün uyğun yol hesab edənlər 22% təşkil edib.
Bəzi şirkət və müəssisələrdə iş tapmaq üçün şansını sınamaq istəyənlər birbaşa işəgötürənlə əlaqə saxlamağın tərəfdarıdırlar. Bu seqment çox vaxt müəssisənin öz rəsmi veb saytlarında yerləşdirilən açıq vakansiyalar üçün birbaşa müraciət etməyi daha üstün tuturlar (5,6%).
İşə götürmə agentliklərində fırıldaqçılarla rastlaşdıqlarını əsas səbəb kimi qeyd edən repsondentlər bu yolu uyğun görməyiblər (4,3%).
İş elanı saytlarından və sosial şəbəkələrdə iş axtaranlar isə (22,6%) təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin mart ayında aparılan «Həyat tərzi» araşdırması ümumilikdə 10 sahəni əhatə edib.
Yaşı 18-64 olan 1 242 nəfər arasında aparılan araşdırmada iştirakçıların 48,6% xanımlar, 51,4% kişilər olub.
İştirakçıların 54,4%-i orta, 26,6%-i ali, 19%-i isə orta ixtisas təhsilli olub.
Respondentlərin orta aylıq gəlirləri 555 AZN, ailənin orta aylıq gəliri 780 AZN olub. Gəliri olmayanlar 29,8%, özünün orta aylıq gəliri haqqında cavab verməyənlər 10,3%, ailəsinin orta aylıq gəliri haqqında cavab verməyənlər 24,% olub.