2026-cı ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 405,9 milyon manat məbləğində investisiya yönəldilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə bu, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 618,9 milyon manat, başqa sözlə 75,6% artım deməkdir.
İnvestisiyaların artması həm neft-qaz, həm də qeyri neft-qaz sektorunu əhatə edib.
Belə ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3%, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9% artıb.
İstifadə olunmuş investisiyanın strukturuna gəlincə, vəsaitin 758,6 milyon manatı (54%) məhsul istehsalı sahələrinə, 551 milyon manatı (39,2%) xidmət sahələrinə, 96,3 milyon manatı (6,8%) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Məhsul istehsalı sahələrinə yatırımlar ötən ilin yanvar ayı ilə müqayisədə 253,8 milyon manat, başqa sözlə 50,3% artıb. Xidmət sahələrinə yatırımlarda 441,2 milyon manat və ya təxminən 5 dəfəyədək artım baş verib. Yaşayış evlərinin tikintisinə yatırımlar isə 76, milyon manat (44,1%) azalıb.
Əsas kapitala yönəldilmiş vəsaitlərin əsas mənbəyi daxili investisiyalar olub. Ümumi investisiyaların 1 milyard 4 milyon manatını və ya 71,4%-ni daxili investisiyalar təşkil edib. Bu illik müqayisədə 530,2 milyon manat (2,1 dəfə) çoxdur.
Xarici investisiyaların həcmi isə illik müqayisədə 88,7 milyon manat (28,3%) artaraq 401,9 milyon manata yüksəlib.
Həmçinin, cəmi investisiyaların 577,2 milyon manatı (41,1%) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 11,2 milyon manat (2%) artıqdır.











