Azərbaycan 2023-cü ilin yanvar-noyabr aylarında $23 milyon 8,89 min dəyərində AI-92 markalı avtomobil benzini ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə ixracın həcmi 33 min 111,64 ton təşkil edib. Yanacağın bütün həcmi Türkiyəyə ixrac edilib”, - deyə məlumatda bildirilir.
2023-cü ilin 11 ayı ərzində Azərbaycandan benzin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 7,7% artıb, dəyər ifadəsində 17,4% azalıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə $27 milyon 869,19 min dəyərində (azalma 12,4%) 30 min 753,72 ton yanacaq (azalma 41,9%) ixrac edib. Yanacağın bütün həcmi BƏƏ-yə ixrac edilib.
Azərbaycanda АI-92 markalı avtomobil benzini Bakı Neft Emalı Zavodunda (BNEZ) istehsal olunur. (İnterfaks-Azərbaycan)