Azərbaycanda duru yağların qiymətindəki artım davam etməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, qarğıdalı yağının qiyməti noyabr ayında idxal olunanlar üzrə 5.88 manat/litr olub, bu da aylıq 0.69% bahalaşmadır. Yerli istehsal olan qarğıdalı yağının qiyməti 5.43 manat/litr olmaqla son ayda 0.32% bahalaşıb.
Günəbaxan yağının qiyməti isə son ayda yerli istehsal olanlar üçün 0.66% bahalaşma ilə 4.25 manat/litrə, xaricdən idxal olunanlar üçün isə 0.71% artımla 4.47 manat/litr olub. Günəbaxan yağı ilin əvvəlindən 37.72% artım nümayiş etdirir.
Zeytun yağının yerli istehsal olanın qiyməti son ayda 1.14% artımla 11.73 manat/litrə, xaricdən idxal olunanlar isə 0.65% artımla 15.50 manat/litr təşkil edib.
Kərə yağının qiyməti son ayda yerli istehsal üçün 2.18% bahalaşma ilə 17.21₼/kq, xarici idxal olunan isə 2.29% artımla 17.53₼/kq olub.
Süfrə marqarini son bir ayda 1.56% artımla 4.46 ₼/kq, idxal olunanlar üçün isə 1.16% artımla 4.78₼/kq olmuşdur.