Xəbər verildiyi kimi, Rusiyada buraxılmış «Visa» və «Mastercard» kartlarına sanksiyaları yan keçməyə imkan verən «Bankoff» servisinə qadağa qoyulub.
Eləcə də bax: Azərbaycanlılar banksız bank yaradıblar - İLK DƏFƏ
FED.az-ın məlumatına görə, Visa və Stripe qlobal ödəniş sistemləri Azərbaycan startapı olan Bankoff kartlarına xidmət göstərməyi dayandırıb.
Xatırladaq ki, «Bankoff» servisi virtual ödəniş kartı yaratmağa imkan verirdi və onun vasitəsilə kart sahibləri, hansı ki, kartları sanksiyalara göorə xidmət olunmurdu, öz pullarını messencerdəki botlar vasitəsilə bu virtual karta köçürüb əməliyyatlar etməyə başlayırdılar.
Rusiyanın Ukraynaya hücumu və buna görə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra bu xidmət rusiyalı istifadəçilər üçün «göydəndüşmə» olmuşdu. Onlar kütləvi şəkildə bu servisin istifadəçilərinə çevrilmişdilər. Amma artıq dünəndən servisin fəaliyyəti dayandırılıb. Bankoff-un öz resurslarının da bloklandığı bildirilir. Problemlə bağlı Bankoff özü də müştərilərinə məlumat verib.
«Bankoff» servisinin istifadəçilərinə gələn mesajda servisin işini dayandıracağı bildiriir. Səbəbi Rusiyadan olan aktiv istifadəçilərin sayının həddən artıq çox olması idi. Bu hal servisdən sanksiyalardan yayınmaq üçün istifadə edilməsi şübhəsi yaradıb.
«Bu gün biz «Visa» və «Stripe»dən məktub aldıq ki, «Bankoff» kartlarına xidmət göstərilməsi dayandırılıb. Səbəbi Rusiyadan olan istifadəçilərin və pul köçürmələrinin həddən artıq çox olmasıdır. Bu o deməkdir ki, artıq bizim kartlar istənilən onlayn və offlayn ödənişlərdə dəstəklənmir. Hazırda biz çalışırıq ki, bizim ABŞ-da dondurulmuş vəsaitlərimizə çıxış əldə edək. Xahiş edirik nəzərə alın ki, biz bu problemin həlli üçün bütün mümkün olanı edirik»-deyə «Bankoff»un müştərilərinə göndərilən məlumatda .deyilir.
Qeyd edək ki, «Bankoff» startapı 2 il əvvəl - 2020-ci ildə fəaliyyətə başlayıb və internet üzərindən virtual kartlar təqdim edən bir servisdir. Rusiyaya sanksiyalar tətbiq ediləndə isə servisin istifadəçilərinin sayı birdən-birə 10 dəfə artmışdı.
Həmin vaxt Ukrayna mətbuatında sözügedən startapın Rusiya vətəndaşlarını sanksiyadan yayınmağa imkan verməsi barədə məlumatlar yayılmışdı.
«Güman etmək olar ki, rusiyalıların kütləvi şəkildə Bankoff dan kart almasını maraqlı tərəflər müşahidə ediblər və Visa və Stripe təsir edərək startapımıza qarşı sanksiya tətbiq etdiriblər»-deyə İT texnologiyalar üzrə ekspert Osman Gündüz bildirib.