İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə yaratdığı “StartUp School”un rəsmi açılış mərasimi baş tutub.
FED.az xəbər verir ki, onlayn açılışı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı edib. O, əvvəlcə qalib layihələri təbrik edərək, “Startup School”un Azərbaycanın startap ekosistemində tezliklə özünəməxsus yer tutacağından əminliyini ifadə edib.
Daha sonra, Amerika Birləşmiş Ştatlarının Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Tosun qalib layihələr ilə birgə fəaliyyətin uğurlu olacağını vurğulayaraq, gələcək perspektivlərdən danışıb.
Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva “Startup School”un açılış mərasimində qəbul prosesi, seçim turları, eləcə də qəbul statistikası ilə bağlı ətraflı məlumatlar təqdim edib. Portal rəhbəri tərəfdaş qurumlarla iş prinsipi, mentorların görəcəyi işlər haqqında məlumat verib.
Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament direktoru Yevgeniya Bikmurzina, Dövlət Məşğulluq Agentliyinin şöbə direktoru Taleh Hüseynli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOBİA-nın Katibliyinin rəhbəri Elmar İsayev, PASHA Bankın şöbə rəhbəri Zaur Bağırov, SABAH.labın idarəedici direktoru Orxan Abbasov layihədə iştirakları ilə bağlı məlumatlar veriblər.
Daha sonra, “StartUp School”un mentorları çıxış edərək, qalib layihələri təbrik ediblər və iş planlarının məzmunu haqqında qısa məlumatlar təqdim ediblər. Layihə meneceri Nəzrin Əkbərova qalib layihələri növbəti mərhələdə görüləcək işlər və dərs cədvəli ilə tanış edib. İİTKM–in İT mütəxəssisi Rəhman Bədəlov iştirakçılara layihə müddətində “Canvas” proqramının istifadə qaydalarını izah edib.
Açılış mərasiminin ardınca, “StartUp School”da ilk dərs Nevada Universitetinin professoru Mehmet Tosun tərəfindən aparılıb. Treninqlərə aprel ayı boyunca ekspertlər tərəfindən seçilən 33 layihə qoşulacaq.
Sonda seçilən 9 layihə (komanda) SABAH.Labın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq, layihələr arasından ilk 3 yerin qalibi müəyyənləşdiriləcək.