Dünyada startap ekosistemi sürətlə inkişaf edir. Hər gün yeni bir startap layihəsinin yarandığı barədə məlumata rast gəlirik. Müəyyən səbəblərə görə bəzən bu layihələr uğurlu ola bilmir və fəaliyyətlərini dayandırır. Qlobal mühitdə bu, startapların "fail" (uğursuz) olması kimi qəbul edilir. Amma texnologiya sahəsində artıq öz sözünü deyən IT şirkətlərin sayı da az deyil.
Eləcə də bax: İnvestorların startaplarda axtardığı - 6 AMİL HANSILARDIR?
"Global Startup Ecosystem Report" (GSER) ötən il global startap ekosistemi ilə bağlı hesabat yayımlayıb. Hesabata görə, qlobal startap ekosistemin dəyəri 3 trilyon dollara çatıb. Bazar son 3 illə müqayisədə 20 faiz böyüyüb. Bu isə Fransa, Braziliya və Birləşmiş Krallıq kimi ölkələrin ümumi daxili məhsulundan (ÜDM) daha böyükdür.
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə assistenti Mətin Zamanlının startap ekosisteminin inkişafında kraudfandinqin rolu ilə bağlı şərhini təqdim edir.
GSER-in siyahısında dünyanın 30 startap ekosistemi yer alıb. İlk beşlikdə isə Silikon Vadisi, Nyu-York, London, Pekin və Bostondur. Avropaya məxsus startap ekosistemləri ilk 30-luğa düşə bilib. Bunlara London, Paris, Berlin, Stokholm, Amsterdam-StartupDelta, Lozanna-Bern-Cenevrə, Münhen və Barselona daxildir. Təkcə ötən ildə dünya da startaplara olunan investisiya 293 milyard dollar təşkil edib. Bunun 136,5 milyard dolları ABŞ-ın payına düşür. Startap investisiyalarının artımında ənənəvi amillərdən əlavə, həmçinin daha da populyarlaşan kraudfandinq platformaların rolunun vacibliyini qeyd etmək lazımdır.
Kraudfandinq innovativ maliyyələşmə aləti kimi
Kraudfandinq (crowdfunding, crowd - dəstə, funding - maliyyələşmə) ideya, məhsul və ya xidmətin realizə edilməsi, ehtiyacı olanlara yardım göstərilməsi, tədbirlərin keçirilməsi kimi məsələlərdə həm fiziki, həm də hüquqi şəxslərin dəstəklənməsi məqsədilə könüllü olaraq xüsusi internet saytlarda (crowdfunding platformalarında) çox sayda insandan maliyyə vəsaitlərinin cəlb edilməsi ilə bağlı olan fəaliyyət növüdür. Kradfandinq platformalarında layihə sahibləri tərəfindən layihənin məqsədini, ehtiyac duyulan maliyyə miqdarını, biznes planı, planlaşdırılan tədbirləri və sair məlumatları özündə əks etdirən kampaniya başladılır. Bu layihələrin reallaşdırılmasında maraqlı olan tərəflər, yəni sponsorlar tərəfindən isə müəyyən miqdarda maliyyə yatırımları yenə həmin platformalar vasitəsilə layihələrə yönləndirilir. Nəticədə ideya və maliyyə mənbələri arasında interaktiv körpü yaranmış olur.
Kraudfandinqin bir çox üstünüklərini qeyd etmək lazımdır. Belə ki, kraudfandinq insanlara dünyanın müxtəlif sahələrindən maliyyə cəlb etmə imkanı yaradır. Yəni, sadəcə Azərbaycanda olan bir layihə təkcə azərbaycanlılar tərəfindən deyil, o cümlədən ABŞ, Britaniya, Almaniya, Çin və sair ölkələrdə yaşayan insanlar tərəfindən maliyyələşdirilə bilər. Eyni zamanda, layihə yeni bazarlara çıxış imkanı əldə edir. Bu da maliyyə imkanlarının coğrafi məhdudiyyətləri aşması deməkdir. Kraudfandinq, layihəni tanıtmaq, onun barədə məlumatlılığın artırılması baxımından gözəl bir alətdir, və bununla da layihənin maliyyə əlçatanlığını asanlaşdırır. Bundan başqa, kraudfandinq platformasına hər hansı bir məhsulla bağlı layihə yerləşdirəndən sonra, bu layihənin nə qədər insana maraqlı olduğunu, nə qədər insanın pul yatırdığını görmək olur. Bununla da bazarda məhsula nə qədər tələb olduğunu bilmək olur.
Kraudfandinq platformalarında layihələrin yerləşdirilməsi həm də bir reklam növüdür və reklamlara xərclənən külli miqdarda vəsaitin qənaət olunmasına və həmin vəsaitlərin digər daha səmərəli istiqamətlərə yönləndirilməsinə yardım edir.
Kradufandinq platformalarının təsnifatı
Kraudfandinq platformalarını bir neçə istiqamətdə təsnif etmək mümkündür. Həm vəsaitlərin cəlb olunma məqsədlərinə, ixtisaslaşmasına, maliyyələşmə şərtlərinə, həm də xərclərə görə təsnifləşdirmək olar.
Maliyyə vəsaitlərinin cəlb olunma məqsədlərinə görə kraudfandinq aşağıdakı növlərə ayrılır:
Xeyriyyə kraudfandinqi - Pul vəsaitlərinin qeyri-kommersiya layihələrinə, yəni xeyriyyə məqsədləri (xəstəliklərin müalicəsi və ya yoxsullara dəstək üçün vəsaitlərin toplanması), sosial layihələr (uşaq meydançasının abadlaşdırılması, musiqi albomunun buraxılması, film çəkilişi və sair) üçün toplanmasıdır. Layihələrə əsas auditoriya sosial şəbəkələr vasitəsilə cəlb olunur. Burada vasitəçilər üçün mükafat nəzərdə tutulmur, lakin məbləğdən asılı olaraq, kiçik hədiyyələr təqdim edilə, saytda təşəkkür olaraq ad vurğulaması edilə bilər.
Şərti-qaytarılan Crowdfunding - Mal əldə edilməsi məqsədilə həyata keçirilən kommersiya layihələri üçün pul vəsaitlərinin toplanmasıdır (mala dair ilkin sifarişin yerləşdirilməsi hesab olunur). Buna misal olaraq, istehsalçı məhsullarının hazırlanması, istehsalı və digər məqsədlər üçün pul vəsaiti toplayır və müəyyən müddət keçdikdən sonra məhsulu, bir qayda olaraq, bazar qiymətindən xeyli aşağı qiymətlə maliyyə yatırmış alıcıya çatdırır.
Eyni zamanda, platformaları digər kriteriyalara görə təsnif etdikdə onları ixtisaslaşmasına görə ixtisaslaşmış və ixtisaslaşmamış olaraq 2 yerə bölmək olar. İxtisaslaşmış platformalar daha çox spesifik layihələri özündə əks etdirir və hər bir platformanın özünün dar ixtisaslaşması olur. Mövzular və layihələr həmən ixtisas çərçivəsində yerləşdirilir. Məsələn, kreativ ideyalarda, sosial layihələrdə, biznes, elmi, tibbi layihələrdə və sair ixtisaslaşmış platformalar var. İxtisaslaşmamış platformalar isə konkret seçimlər vermir və layihələrə məhdudiyyət qoymur, bütün növ layihələr burada yerləşdirilə bilər.
Digər bir kriteriya maliyyələşmə şərtləridir. Platformalar maliyyələşmə şərtlərinə görə 2 yerə ayrılır:
“All or Nothing” (Hamısı və ya heç nə). Burada layihə hədəf olaraq qoyduğu vəsaiti əldə etmədikdə, bütün yığılan vəsait geri qaytarılır. Məsələn, 50000 dollar məqsəd qoymuş layihə 40000 dollar yığdıqda bu layihə uğursuz hesab olunur, yığılmış məbləğ sponsorlara geri qaytarılır.
“Keep it all” (Hamısını saxla) şərti isə daha çox xeyriyyə məqsədli, sosial layihələrə aid olunur və burada yığılmış vəsait, hədəfdə qoyulmuş vəsaitdən daha az olsa belə geri qaytarılmır.
Xərclərə görə isə platformalar ödənişli və ödənişsiz olur. Ödənişli platformalarda müxtəlif platforma xərcləri olur, komissiyalar tutulur. Ödənişsiz platformalarda isə yalnız, pul köçürmələrində təhlükəsizliyin təmin olunması üçün istifadə olunan ödəniş vasitələrinin xərci çıxılır.
Platformaların bir neçəsinə nəzər saldıqda isə əsas məşhur platformaları qeyd etmək olar. Bunlar aşağıdakılardır:
“Kickstarter” – Kreativ layihələr üçün yaradılmış kraudfandinq (crowdfunding) platformasıdır. Burada yerləşdirilən hər bir layihənin aydın məqsədi olmalıdır. Platforma “hamısı və ya heç nə” modeli ilə işləyir. Kickstarter platformasında yaranandan bu günümüzə kimi 5 milyard dollardan çox vəsait yığılıb.
“Indiegogo” - hər cür kreativ layihələr üçün yaradılmış kraudfandinq platformasıdır. Bu platformanın kickstarterdən əsas fərqi “hamısını saxla” (keep it all) modeli ilə işləməsidir. Yəni, şəxs layihənin həyata keçirilməsi üçün tələb olunan vəsait tam yığılmasa belə, toplanılan məbləği götürə bilir.
“GoFundMe” - şəxsi, biznes və xeyriyyə məqsədləri üçün istifadə olunan kraudfandinq platformasıdır. Platforma “hamısını saxla” prinsipi üzərində qurulub. İstifadəçilər hansı səbəbə vəsait yığmalı olduqlarını bildirir və məbləği qeyd edir, sonra isə şəkil və ya video əlavə edirlər. Platforma istifadəçilərə inteqrasiya olunmuş sosial şəbəkə linkləri (“Facebook”, “Twitter”) və email vasitəsilə öz layihələrini paylaşmağa imkan verir.
“Crowdfunder” – sahibkarlar və yüksək artım potensiali olan startaplar üçün yaradılmış platformadır. Bu platformadan yalnız akkreditə olunmuş investorlar istifadə edə bilərlər.
“GoGetFunding” – istənilən məqsəd üçün yararlı olan platformadır. “Hamısını saxla” modeli ilə işləyir.
“Mightycause” – şəxsi və xeyriyyə məqsədləri üçün istifadə olunan platformadır. “Hamısını saxla” modeli ilə işləyir. İstifadəçilər öz layihələrini "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə paylaşa bilirlər.
Bundan başqa, spesifik ixtisaslaşmış platformalara misal olaraq təhsil sahəsinin layihələrini maliyyələşdirən Donorschoose platforması, elmi layihələr üçün ixtisaslaşmış Experiment, texnoloji yeniliklərin maliyyələşməsini təmin edən Dragonİnnovation, əlavə olaraq qadın sahibkarlar üçün Women You Should Fund, texnoloji yeniliklər üçün Techmoola, daşınmaz əmlak üçün CrowdStreet platformalarını göstərmək olar.
Azərbaycanda kraudfandinq imkanları
Azərbaycanda kraudfandinq imkanları ilk dəfə olaraq "EnterpriseAzerbaijan.com" portalı vasitəsilə yaradılıb. Operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi olan portal 2018-ci ildən istifadəyə verilib. "EnterpriseAzerbaijan" portalında kraudfandinq imkanları yaradan xüsusi bir səhifəsi istifadəçilərə təqdim olunur. "EnterpriseAzerbaijan.com" portalı sadəcə öz platforması üzərindən deyil, dünya bazarlarına çıxışın təmin olunması məqsədilə xarici platformalarla əməkdaşlıq edir və Azərbaycan layihələrinin o platformalarda da yerləşdirilməsinə də dəstək göstərir. Buna nümunə olaraq "EnterpriseAzerbaijan.com" portalının Beynəlxalq Bankla birgə həyata keçirdiyi layihəni göstərmək olar. Belə ki, bu layihə çərçivəsində müsabiqə vasitəsilə seçilmiş 5 ən uğurlu layihə “Kickstarter” platformasına çıxış imkanı əldə edir. Bundan başqa, tələblərə uyğun bütün lazımi məlumatların toplanması, videoroliklərin, PR materialların hazırlanması məsələlərində layihə sahiblərinə lazımi dəstək göstərilir və həmin layihələr “Kickstarter” platformasında yerləşdirilir.
Bundan başqa, digər müxtəlif ixtisaslı platformalara da müvafiq layihələrin çıxış əldə etməsi üçün şərait yaradılır. Bu istiqamətdə layihə sahiblərinə prosedurlarla bağlı mentorluq xidmətinin verilməsi, eyni zamanda, müxtəlif konsultasiyaların və məlumatlandırıcı təlimlərin təşkili həyata keçirilir.
Kraudfandinq platformaları innovativ maliyyələşmə növü olaraq çox uğur qazanaraq durmadan dünyanın bütün ölkələrində geniş yayılmaqdadır. Həm geniş əhatə dairəsi, həm vəsaitlərə qənaət etmə imkanları, həm də tərəflər arasında yarana biləcək konfliktlərin həll olunması istiqamətində, eyni zamanda, risklərin azaldılması sahəsində məsuliyyəti öz üzərinə götürən üçüncü tərəf olaraq çıxış etməsi bu platformaların populyarlaşmasına gətirib çıxarır. İnkişaf etmiş ölkələrin innovativ trendlərini tətbiq etməkdə uğurlar nümayiş etdirən Azərbaycan kraudfandinqin də ölkəmizdə daha geniş inkişaf etməsi üçün böyük potensiala malikdir. Bu da, hazırda mövcud olan kraudfandinq imkanlarının yaxın gələcəkdə daha da genişlənəcəyini proqnozlaşdırmamıza imkan verir.
"azərtac"