Cari ildə 2 mindən çox startapçı “I2B – İdeyadan Biznesə” layihəsinə qoşulub. Bu, layihənin gənclər arasında böyük marağa səbəb olduğunu və uğurla həyata keçirildiyini göstərir.
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, bu sözləri oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “I2B – İdeyadan Biznesə” layihəsinin yekun final mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
Eləcə də bax:Bu ay Azərbaycanda 9 xarici startap - QEYDİYYATDAN KEÇİB
“Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan İnnovasiyalar Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Paytaxt Bakı və regionlarda keçirilən “I2B – İdeyadan Biznesə” startap turları da bu məqsədlərə xidmət edir”, – deyə nazir bildirib.