Kirayə bağ evi axtaranlar üçün – YENİ STARTAP İŞƏ DÜŞDÜ
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 3 startap layihəsinə staptap şəhadətnaməsi verib.
FED.azın məlumatına görə, bu layihələrdən biri – «Bağ Evim» kirayə bağ sahələrinin axtarılıb tapılması ilə bağlıdır.
Layihənin müəllifi Azər Əlizadə FED.az-a bildirib ki, «Bağevim» layihəsi kirayə bağ evi axtaran müştərilərlə bağ evi sahiblərini əlaqələndirir. Layihənin məqsədi müştərilər üçün etibarlı ödəniş şərait yaratmaqdır. Layihə «Kapitabank»ın e-kommers xidmətinə inteqrasiya olunub və oradan insanlar onlayn qaydada qeydiyyatdan keçərək istədikləri bağı seçərək istədikləri tarixə bron edib, onlayn ödəniş edə bilərlər.
A.Əlizadənin sözlərinə görə startapın ideyası pandemiya dövründə yaranıb: «Bilirsiniz ki, pandemiyada bağ evlərinə tələbat kəskin artmışdı. O vaxtdan indiyədək biz bu layihə üzərində işləyirdik. Bir nöqtəyə çatandan sonra isə bunu biznesi formasına çevirməyi qərara aldıq». Artıq 8 aydır ki, startap üzərində iş getdiyin bildirən layihə rəhbərinin sözlərinə görə artıq layihədən istifadə edənlər var. Hazırda reklam işləri aparılır və mövsümə hazırlıq başlayıb.
Əhatə dairəsi bağ evləridir. İndiyədək artıq 70-ə yaxın istifadəçi qeydiyyatdan keçib.
Startapın gəlir mexanizmi komissiya haqqına əsaslanır – bu layihə üzərindən ev seçdikdə ödənişin 10%-i qədər komissiya ödənilir.
Startap kənar investisiya da cəlb etmək niyyətindədir, amma bu gələcəkdə ola bilər.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Xatırladaq ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi