Dekabr’da Crunchbase saytından etdiyim screenshotdur.
– 336 startapa 15.3 milyard dollar investisiya edilib,
– 94 startap 77.4 milyard dollara satın alınıb.
Diqqətlə baxın, bu tarix boyu olan statistika deyil, bir illik statistika da deyil. Bu bir həftə ərzində olan statistikadır! Və hər həftə aşağı-yuxarı bu rəqəmlər qeydə alınır.
Dostlar, başa düşürsüz dünyada nələr baş verir?!
Eleven Kings Game-ə niyə başladım sualı verən dostlara danışıram həmişə, əsas səbəblərdən biri məhz bu sayt olub. Mən 6-7 ildir Techcrunch saytını izləyirəm. Texnologiya sahəsində dünyanın ən məşhur və operativ saytlarından biridir. Crunchbase həmin sayta aid platformadır. Artıq illərdir ki, bu platformaya abunə olmuşam və hər gün axşam emailimə günün TOP 10 xəbəri gəlir. Təsəvvür edin, hər gün emaili açırsan və oxuyursan ki, 16 yaşlı iki məktəblinin hazırladığı ecommerce platformasına Amazon 100 milyon investisiya etdi, 25 yaşlı bir oğlanın hazırladığı oyunu beş il sonra 2 milyard dollara satıldı və s. Və belə xəbərlər hər gün gəlir. Axırda məni dəli elədi bu xəbərlər və səbəb oldu, motivasiya verdi ki, mən də qlobal bir platforma yaratmağa cəhd edim.
Crunchbase platformasına daxil olub hər gün bu xəbərləri izləyə bilərsiniz. Həmçinin dünyada məşhur olan və məşhur olmayan bir çox startaplar haqda ətraflı məlumatı burada tapmaq olar. Bu platformaya startapların kataloqu demək olar. Gündə 15 dəqiqə bu platformada gəzişsəniz inanın, baxış bucağınız, vizyonunuz xeyli dəyişəcək.
Dünya çox sürətlə dəyişir və bu dəyişimdə çox sürətlə böyüyən minlərlə startaplar, şirkətlər var. Amma təəssüf ki, bu siyahıda heç zaman Azərbaycana aid, azərbaycanlıya aid nəsə görmürük. Olsa belə ildə bir dəfə olar maksimum. Bəs biz niyə bu “dünyaya” bu qədər uzağıq?
Pessimistlik, və komfort zonadan uzaqlaşmaq istəməməyimiz bizi kor edir. Axından geri qalırıq. Bugünkü şərait bizə imkan verir ki, biz də bu axına qoşulaq. Bəli, azərbaycanlı birinə bu gün bunu etmək çox çətindir, amma mümkünsüz deyil. Burada həm dövlətin, həm özəl şirkətlərin, həm də insnlarımızın rolu var təbii ki, bu başqa bir yazının mövzusudur. Amma bu mümkündür. Çünki indi informasiyanı, ideyanı, təşəbbüskarlığı kimlərəsə, hansısa şirkətlərə çatdırmaq, dəstək almaq mümkündür. İlk öncə inanmaq və başlamaq lazımdır. Əzmkarlıq və peşəkarlıq kifayət qədər olsa mümkünsüz gördüyün iş belə, alınacaq. Sadəcə komfort zonadan çıxmaq və başlamaq lazımdır!
Pablo Picasso deyir ki, “Everything you can imagine is real” (Xəyal etdiyin hər şey realdır).
Nelson Mandela isə deyir, “It always seems imposible until it’s done” (Bir şey edilənə kimi həmişə qeyri-mümkün görünür).
©orkhanrza.com