2024-cü il üzrə ilk “Startap” şəhadətnamələri 7 KOB subyektinə təqdim edilib.
FED.az xəbər verir ki, bununla da indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə verilmiş “Startap” şəhadətnamələrinin sayı 130-a çatıb.
“Startap” şəhadətnamələri fərdi sahibkar Nigar Novruzzadənin incəsənət əsərlərinin satışı üçün onlayn platforma, "Cybersign" MMC-nin kibertəhlükəsizlik sahəsində onlayn xidmətlər, "Oneplusone" MMC-nin həvəskar idmançılar üçün onlayn platforma, "Eattable" MMC-nin onlayn restoran tövsiyə və rezervasiya platforması (mobil tətbiqi), "İni.az" MMC-nin logistika şirkətləri üçün ixtisaslaşmış proqram təminatı, "Food Lab" MMC-nin restoran idarəetmə platforması və fərdi sahibkar Şəmistan Əlizadənin şagirdlər üçün oyun əsaslı onlayn təhsil platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi