Bu ilin may ayında Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində 26 – 28 mayda “Take Off Baku” adlı beynəlxalq startap sammiti təşkil olunacaq.
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, sammitin keçirilməsində əsas məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir. Yerli və beynəlxalq startapların qatılacağı sammitdə investorlar və Vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri dəyərləndirəcək.
Bu ayın sonuna qədər onlayn qeydiyyatdan keçən startaplar “5 matrix” prinsipinə əsasən təsnifatlaşdırılaraq tədbirdə iştirak etmək hüququ qazanacaqlar. Sammitin şərtlərinə əsasən, ən azı 35 yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılacaq.
İlkin təsnifatlaşdırmadan uğurla keçən startaplar tədbirin rəsmi açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər.
Sammitdə startapçılara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq. Sammitin Mükafat Fondu I yer üçün 15 min ABŞ dolları, II yer üçün 10 min ABŞ dolları, III yer üçün isə 5 min ABŞ dollarıdır.