Azərbaycan mütəxəssisləri tərəfindən maliyyə xidmətləri sahəsində təsis edilmiş məşhur «Epoint» startapı investisiya cəlbi raundu elan edib.
FED.az xəbər verir ki, söhbət ABŞ-da qeydiyyatdan keçmiş «Epoint Inc» layihəsindən pay satışından gedir.
Xatırladaq ki, «Epoint» şirkəti müştərilərə elektron ticarət xidmətləri göstərən startapdır və B2B sahəsində, yəni şirkətlər və sahibkarlarla çalışır.
Layihənin rəhbəri Zeynal Kərimzadə FED.az-a bildirib ki, şirkətin ümumi dəyərinin 5 milyon dollar olması əsas götürülərək ümumilikdə 500 min dollarlıq investisiya cəlbi nəzərdə tutulur. Layihədə iştirak üçün minimum yatırım 50 min dollardır. «İnvestisiya müqaviləsi bir neçə iştirakçının yatırımı kimi tam rəsmiləşdiriləcək»-deyə layihənin rəhbəri bildirib.
Z.Kərimzadə onu da bildirib ki, artıq potensial investorlar tərəfindən 250 min dollarlıq «yumşaq öhdəliyi» var.
Qeyd edək ki, Azərbaycanın ilk fintex startapı olan «Epoint» şirkəti bir neçə həftə əvvəl Gürcüstanda keçirilən Startap günləri»ndə bu ölkənin məşhur startap investoru olan «500 Global» akselerasiya mərkəzində 100 min dollar investisiya cəlb edib.
Həmin investisiya cəlbi zamanı startapın dəyərinin 3mln+ dollar olduğu məlum olub. İndi isə göründüyü kimi, şirkət daha yüksək rəqəmlərə iddialıdır.
Z.Kərimzadə FED.az-a bildirib ki, ötən il «Epoint» şirkətinin Azərbaycandakı dövriyyəsi 14 milyon manat olub, 2023-çü ildə bu məbləğin 2 dəfə artması gözlənilir. Hazırda «Epoint» şirkətinin 300-ə yaxın müştərisi var. İlin sonuna bu rəqəmin də 500-ə çatacağı gözlənilir.