Azərbaycanda avtomobil paylaşım xidməti olan Rentbutik adlı yeni Startup layihə xidmətə verilib.
FED.az xəbər verir ki, Rentbutik, avtomobil sahibləri ilə onların avtomobillərini icarəyə götürənləri birləşdirən mobil proqramdır.
Tətbiq vasitəsi ilə avtomobil sahibləri qeydiyyatdan keçməklə avtomobillərini yerləşdirə, avtomobilin günlük, həftəlik, aylıq qiymətlərini təyin etməklə yanaşı, avtomobilin mövcud olduğu tarixləri, yaş məhdudiyyəti, günlük kilometraj limiti seçimlərini etməklə proqramın bir çox xüsusiyyətlərindən yararlana bilərlər.
Azərbaycanda ilk dəfə olaraq Rentbutik tətbiqində günlük qəza sığorta paketləri mövcuddur ki, bu da avtomobil sahiblərinə səyahət boyunca avtomobillərini sığortalamaq kimi üstünlük verir. Tətbiqin digər üstünlüklərindən biri də online yol vərəqəsi sistemidir. Hansı ki, avtomobil sahibləri Rentbutikə etibarnamə verməklə hər dəfə icarə prosesində tətbiq, avtomatik olaraq yol vərəqəsi yaradıb, həm avtomobil sahibinin həm də icarəyə götürən şəxsin elektron poçt ünvanlarına göndərəcəkdir.
Rentbutik, avtomobil sahiblərinə əlavə gəlir mənbəyi yaratmaqla yanaşı avtomobil icarəyə götürmək istəyən şəxslərin də işini xeyli asanlaşdırmış olacaq.