Rusiyada insanlara düzgün vitamin seçməyə kömək etmək üçün cəmi 6 ay əvvəl yaradılan startapın bazar dəyəri 14 milyon dolları keçib.
FED.az xəbər verir ki, söhbət iyun ayında 3 rusiyalı mütəxəssis - Vladislav Zakatov, Aleksandr Vuçenoviç və Daniil Xor tərəfindən yaradılan «Vitobox» servisindən gedir.
«Vitobox» startapı insanlar üçün fərdiləşmiş (yəni məxsusi olaraq konkret şəxs üçün) vitamin və bioloji aktiv maddələrin seçimi ilə məşğuldur. Yəni bu tətbiqdə qeydiyyatdan keçən şəxs özü ilə bağlı məlumatları daxil etdikdən sonra sistem ona tələb olunan vitaminləri tövsiyə edir. Seçim prosesi mürəkkəbdir və bu zaman süni intellektdən istifadə edilir.
«Rusiya vətəndaşlarının 90%-dən çoxu vitaminləri sistemsiz şəkildə qəbul edir, nəticədə onlar fayda gözlədikləri halda, öz sağlamlıqlarına böyük zərər vururlar»-deyə Vuçenoviç bildirir. Onun sözlərinə görə, «Vitobox» belə məhsulların (o cümlədən vitaminlərin) seçimini anlaşıqlı və sadə edir.
Servisin alqoritmi hazırlanarkən tibbin çoxsaylı sahəsində çalışan mütəxəssislərin köməyindən istifadə edilib. Bunlar endokrinoloqlar, dietoloqlar, ümumi praktikalı həkimlər, mama-ginekoloqlar, eləcə də proqramçılar və başqalarıdır. Şirkət bildirir ki, sözügedən mütəxəssislərin dəstəyi ilə yaradılan servis insanlara vitamin və digər maddələri 93% dəqiqliklə tövsiyə edir.
«VitoBox» servisinin yaradılması ideyası ilk dəfə Aleksandr Vuçenoviçin ağlına gəlib. Marafona hazırlaşan Aleksandr bədənini möhkəmlətmək üçün vitamin qəbul etmək istəyərkən məlum olub ki, onların düzgün seçimini, o cümlədən dozasını təyin etmək olduqca çətindir və fayda əvəzinə problem yarada bilər: «Buna görə də biz bu prosesi hamı üçün əlçatan və sadə etmək istədik, nəticədə 2021-ci ildə «VitoBox» yarandı». «VitoBox» vasitəsilə məxsusi tövsiyə almaq üçün pulsuz onlayn-testdən keçmək lazımdır. Bu test 50-80 sualdan ibarətdir və 10 dəqiqə çəkir. Testdə istifadə olunan suallar Beynəlxalq Səhiyyə Təşkilatının həkimlərin pasiyentləri əyani qəbul etdiyi zaman istifadə etdiyi suallarla bağlı tövsiyələri əsasında müəyyən edilib. Bu suallar insanın sağlamlığı, həyat tərzi və qida vərdişləri barədə ümumi təsəvvür yaradır. Testin nəticəsi olaraq servis həmin şəxsin fərdi profilini yaradır. Bu profil insanın sağlamlığı və həyat tərzi ilə bağlı təqribən 50 bio markerə və 10 minlərlə mikro element seçiminə əsaslanır.
Alqoritm bu kombinasiyanı bir neçə mərhələdə emal edir: bir-birinə uyğun gəlməyən mikroelementlər kənara atılır, istifadəçi üçün əhəmiyyətinə uyğun kombinasiyalar seçilir və fərdi tövsiyə formalaşdırılır.
Nəticədə sistem həmin şəxs üçün vitamin qəbulu resepti təqdim edir. Şirkət bildirir ki, hər bir şəxs üçün vitamin resepti 1 milyard mümkün variantın arasından seçilir. «VitoBox»un süni intellektə əsaslanan «ağıllı» alqoritmi hər bir şəxs üçün analiz vermədən maksimum dəqiq resept təyin edir (80% uyğun gəlir).
Servisin şərtlərinə görə, bir aydan sonra təkrar testdən keçmək lazımdır ki, mikroelementlərin qəbulunun bədəndə hansı dəyişikliklər yaratdığı dəqiqləşsin. Üstəlik, hər yeni müştəri sistemi daha da «ağıllandırır».
Yeni servis və onun potensial gəlirləri dərhal investorların diqqətini cəlb edib. Bir neçə ay əvvəl kənar investor servisə 40 milyon rubl (təqribən 500 min dollar) yatıraraq «Vitobox»un 10%- səhmini alıb. Nəticədə şirkətin bazar dəyəri 5 milyon dollara yüksəlib. Bir neçə gün əvvəl isə servis daha 107 milyon rubl (təqribən 1,34 milyon dollar) investisiya cəlb edib. Yanvarın 24-də baş tutan sövdələşmədən sonra «Vitobox»un bazar dəyəri 14 milyon dolları keçib. Şirkətdən bildirilib ki, işə düşməsindən keçən qısa müddət servisdə artıq 25 min istifadəçi qeydiyyatdan keçib.
Artıq «Vitobox»un rəhbərliyi şirkətin xarici ölkələrdə fəaliyyət planlarını açıqlayıb. Onların sözlərinə görə, şirkət Qazaxıstanda, Sinqapurda, BƏƏ-də və malayziyada, eləcə də Fransa, Almaniya, İspaniya və İtaliyada xidmət göstərməyi planlaşdırır.
Yeri gəlmişkən, servisin təsisçiləri maliyyə, daha dəqiqi investisiya sahəsində çalışırlar və həm də buna görə layihənin potensialını düzgün qiymətləndirə biliblər.
Şirkət bildirir ki, servisdən istifadə etməklə vitamin seçimi digər faydalarla yanaşı, istifadəçilərin vitamin xərclərini də 20% azaldır – düzgün seçim nəticəsində yalnız lazım olan vitaminlər alınır və qənaət edilir.
Qeyd edək ki, bioloji aktiv maddələr bazarı dünyada sürətlə böyüyür – hər il bu sahədə 10% artım var. ABŞ-da oxşar xidmət daha əvvəl fəaliyyətə başlayıb – «Care/of» xidmətinin bazarı dəyəri hazırda 1 milyard dolları keçib. Bundan başqa, xüsusi kateqoriyalara, məsələn idmançılara və ya hamilə qadınlara hədəflənən oxşar servislər də var.