Azərbaycanda milli valyutada ən ucuz kreditlərin verildiyi iqtisadi rayonlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, milli valyutada verilən kreditlər üzrə ən əlverişli şərtlər paytaxt Bakı və Naxçıvan iqtisadi rayonlarında qeydə alınıb. Ümumi portfel, eləcə də qısamüddətli və uzunmüddətli kreditlər üzrə ən aşağı faiz dərəcələri məhz bu bölgələrin payına düşür.
Cəmi (Ümumi portfel) üzrə milli valyutada ən aşağı faizlər:
Bu kateqoriya üzrə ən ucuz kreditlər Bakı iqtisadi rayonundadır – 14,27% (18 milyard 753 milyon 475 min manat).
İkinci yerdə Naxçıvan iqtisadi rayonu qərarlaşıb – 15,20% (495 milyon 70 min manat).
Abşeron-Xızı iqtisadi rayonu 16,83% (1 milyard 175 milyon 531 min manat) göstərici ilə üçüncü sırada yer alıb.
Növbəti yerlərdə Gəncə-Daşkəsən (18,06% və ya 881 milyon 745 min manat) və Quba-Xaçmaz (18,17% və ya 512 milyon 559 min manat) iqtisadi rayonları gəlir.
Qısamüddətli kreditlər üzrə:
Milli valyutada ən aşağı qısamüddətli faizlər yenə də Bakı iqtisadi rayonundadır – 13,82% (3 milyard 764 milyon 833 min manat).
Naxçıvan iqtisadi rayonu 14,52% (14 milyon 762 min manat) ilə ikinci olub.
Maraqlıdır ki, bu siyahıda Şərqi Zəngəzur iqtisadi rayonu 15,07% (5 milyon 229 min manat) faiz dərəcəsi ilə üçüncüdür.
Beşliyi Abşeron-Xızı (15,87% və ya 70 milyon 641 min manat) və Şəki-Zaqatala (16,36% və ya 28 milyon 372 min manat) iqtisadi rayonları tamamlayır.
Uzunmüddətli kreditlər üzrə:
Uzunmüddətli kreditlərdə ən sərfəli dərəcə Bakı iqtisadi rayonunda qeydə alınıb – 14,34% (14 milyard 988 milyon 642 min manat).
Naxçıvan iqtisadi rayonu 15,22% (480 milyon 308 min manat) ilə ikinci yerdədir.
Abşeron-Xızı iqtisadi rayonunda bu göstərici 16,89% (1 milyard 104 milyon 890 min manat) təşkil edib.
Siyahını Gəncə-Daşkəsən (18,08% və ya 837 milyon 640 min manat) və Quba-Xaçmaz (18,16% və ya 492 milyon 900 min manat) iqtisadi rayonları davam etdirir.










