Azərbaycanda milli valyutada olan əmanətlər üzrə ən yüksək orta faiz dərəcələri əsasən paytaxtdan kənar regionlarda cəmləşib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi əmanət portfeli üzrə ən yüksək orta faiz dərəcəsi 7,98% ilə Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu regionda ümumilikdə 477 milyon 333 min manat həcmində əmanət cəmləşib. İkinci yerdə 7,32%-lik orta gəlirliliklə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb ki, burada əmanətlərin həcmi 227 milyon 449 min manat təşkil edir. Siyahını Qazax-Tovuz (6,99% faizlə 114 milyon 644 min manat), Mərkəzi Aran (6,72% faizlə 122 milyon 340 min manat) və Quba-Xaçmaz (6,58% faizlə 140 milyon 809 min manat) iqtisadi rayonları davam etdirir.
Tələbli əmanətlər (cari hesablar) üzrə ən yüksək orta faiz dərəcəsi 1,52% ilə Naxçıvan iqtisadi rayonunda müşahidə olunur. Bu regionda tələbli əmanətlərin həcmi 43 milyon 139 min manat təşkil edib. Bu göstəriciyə görə Qazax-Tovuz (0,93% faizlə 43 milyon 588 min manat) və Mərkəzi Aran (0,90% faizlə 47 milyon 712 min manat) da liderlər sırasındadır.
Müddətli əmanətlər (depozitlər) üzrə isə daha yüksək gəlirlilik təklif edilir. Bu kateqoriyada respublika lideri 10,71% orta faiz dərəcəsi ilə Qazax-Tovuz iqtisadi rayonudur (ümumi depozit həcmi 71 milyon 56 min manat). Abşeron-Xızı (10,65% faizlə 350 milyon 72 min manat) və Gəncə-Daşkəsən (10,60% faizlə 151 milyon 72 min manat) iqtisadi rayonları da yüksək depozit faizləri ilə seçilir.