Bu ilin sentyabrın 1-nə olan məlumata görə Azərbaycanda milli valyutada olan əmanətlər üzrə ən aşağı orta faiz dərəcəsi 4,63% ilə Mil-Muğan iqtisadi rayonuna aiddir.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu regionda ümumilikdə 46 milyon 38 min manat həcmində əmanət cəlb olunub.
Bu göstəriciyə görə ondan bir qədər yuxarıda Şərqi Zəngəzur iqtisadi rayonu (4,84% faizlə cəmi 779 min manat) qərarlaşıb. Siyahını Naxçıvan (5,22% faizlə 74 milyon 105 min manat), Şirvan-Salyan (5,46% faizlə 69 milyon 622 min manat) və Qarabağ (5,69% faizlə 93 milyon 755 min manat) iqtisadi rayonları davam etdirir.
Tələbli əmanətlər (cari hesablar) üzrə ən aşağı gəlirlilik Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb – 0%. Bu regionda 414 min manat həcmində tələbli əmanət olsa da, onlar üzrə heç bir faiz hesablanmayıb. Qarabağ (0,34% faizlə 44 milyon 51 min manat) və Mil-Muğan (0,38% faizlə 25 milyon 915 min manat) da bu kateqoriyada ən aşağı göstəricilərə malikdir.
Müddətli əmanətlər (depozitlər) üzrə respublikada ən aşağı gəlirlilik 10,09% ilə Mil-Muğan iqtisadi rayonunda müşahidə olunur. Bu regionda depozitlərin ümumi həcmi 20 milyon 123 min manat təşkil edib.
Ölkənin maliyyə mərkəzi olan Bakı iqtisadi rayonu da 10,25%-lik orta faiz dərəcəsi ilə ən aşağı göstəricilərdən birinə malikdir (depozitlərin həcmi 5 milyard 400 milyon 425 min manat).
Siyahıda həmçinin Dağlıq Şirvan və Şirvan-Salyan iqtisadi rayonları da 10,32%-lik göstərici ilə yer alıblar.